Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2026-2030-cu illər üçün elmi tədqiqat işlərinin prioritet istiqamətlər iclasda müzakirə edilmişdir.
Sen 11, 2025 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2169 dəfə

AR Elm və Təhsil Nazirliyinin akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında institutun 2026-2030-cu illər üçün elmi tədqiqat işlərinin prioritet istiqamətləri müzakirə edilmişdir. İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev  bildirib ki, Azərbaycan Respublikasının 2030-cu ilə kimi sosial-iqtisadi inkişafının əsas prioritetlərini nəzərə alaraq kimya elmləri sahəsində dayanıqlı inkişafa nail olmaq, Respublika iqtisadiyyatına tövhə vermək, mövcud ekoloji problemlərin həllində iştirak etmək  üçün İnstitutun 2026-2030-cu illər üçün elmi-tədqiqat işlərinin prioritet istiqamətləri müəyyən edilməlidir.

Akademik qeyd etdi ki,   “Yaşıl” enerji təhcizatçısına çevrilmək üçün prioritet istiqamətlər üzrə elmi tədqiqatlara, o cümlədən hidrogen energetikası, yaşıl oksidləşdiricilər, alternativ enerji mənbələri üçün funksional materialların alınması, ekoloji problemlərin həllinə, o cümlədən ətraf mühitin mühafizəsi, ekoloji gərginlik yaradan tullantıların idarə olunması, zəhərli qazların zərərsizləşdirilməsi və s. sahəsində tədqiqatların artırılması,  təbii və alternativ xammalın kimyəvi emalı üçün ekoloji təhlükəsiz texnologiyaların yaradılması, dekarbonlaşma və karbon-dioksidin istifadə yollarının araşdırılması, neft kimyası sənayesinin yan məhsullarının təkrar emalı və əlavə dəyər yaradan məhsullara çevrilməsi üçün innovativ həll yollarının  axtarılması, təbii qazdan kiçik molekullu olefinlərin və digər qiymətli məhsulların alınması üçün enerji qənaətli texnologiyaların yaradılması, “Yaşıl” dünya prinsiplərindən istifadə etməklə müxtəlif təyinatlı funksional materialların və fizioloji fəal birləşmələrin alınması kimi perspektiv tədqiqatlara üstünlük verilməlidir.

Sonra qeyd olunan təkliflər əsasında geniş müzakirələr aparıldı, Şura üzvlərinin təklifləri dinlənildi və İnstitutun 2026-2030-cu illər üçün aşağıda qeyd olunan əsas prioritet istiqamətləri  müəyyən edildi:

-mineral xammal kimi alunutun emalı və onun emal tullantılarından qiymətli maddələrin alınması üçün yaşıl texnologiyalar;

-alternativ enerji mənbələri  üçün nanomateriallar;

-ekoloji təhlükəsizlik üçün biokütlənin və biotullantıların emalında innovasiyalar, tullantı sularının təmizlənməsi və toksiki maddələrin zərərsizləşdirilməsi;

-ağır neftlərin xassələrinin modelləşdirilməsi;

-birkarbonlu birləşmələrin katalitik və elektrokimyəvi reduksiyası ilə kiçik molekullu olefinlərin alınma texnologiyası;

-yaşıl oksidləşdiricilər və karbon əsaslı nanokatalizatorlar;

- konkret təyinatlı yeni qeyri-üzvi nanomateriallar və süni intellektin onların sintezində istifadəsi;

- fizioloji fəal koordinasion birləşmələr, nanobiokompozit materiallar və “ağıllı” polimerlərin sintezi.

İclasa yekun vuran  akademik Dilqəm Tağıyev qeyd etdi ki, prioritet istiqamətlər üzrə  innovativ tədqiqatlara üstünlük verilməli, fundamental tədqiqatlar davam etdirilməli, eyni zamanda ali təhsi müəssisələri ilə birgə elmi- tədqiqat işləri genişləndirilməlidir. Akademik bildirdi ki, laboratoriya və şöbə müdirləri 2026-2030 –cu illər üçün elmi-tədqiqat işlərinin planlarını hazırlayarkən qeyd olunanları nəzərə almalıdırlar.

 

JURNALLAR
Faydalı linklər