Sen 26, 2025 | 15:30 / Konfranslar, iclaslar
26 sentyabr 2025-ci il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə İnstitutun rəhbərliyi, Elmi Şura üzvləri, Həmkarlar Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, Vətən müharibəsi qaziləri, şəhid ailəsi üzləri də iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı qeyd etdi ki, əsrlər boyu xalqımızın taleyində çoxsaylı faciələr yaşanıb, zəngin qəhrəmanlıq səhifələri bir-birini əvəzləyib. 2020-ci ilin 27 sentyabrı isə müasir Azərbaycanın tarixində qürurla anılacaq bir gündür. Həmin gün başlanan savaşda Azərbaycanın igid övladları qanları, canları bahasına 30 il işğalda olan Qarabağı işğaldan azad etdi, xalqımızın tapdalanan qürurunu geri qaytardı. Erməni vandallarının xalqımıza qarşı iki əsrdən çox həyata keçirdikləri işğalçılıq əməllərinə 44 gün ərzində son qoyuldu.
Sonra tədbirdə iştirak edən Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid qardaşların atası Elman Məmmədova söz verildi. O, çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığın ermənilərin arzusunu ürəyində qoyduğunu və rəhbər, ordu və xalq birliyimiz Vətən müharibəsində qələbəni təmin edən ən başlıca amil olduğunu qeyd etdi.
Daha sonra Vətən müharibəsi qazisi – Tural Məmmədov 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin şücaətindən, dövlətin və xalqın qazilərə qayğısından danışdı və belə bir tədbirin keçirilməsinə görə institut rəhbərliyinə təşəkkür etdi.
İnstitumuzun kiçik elmi işçisi, Könül Müseyibli çıxışında lokal-antiterror əməliyyatında şəhid olmuş qardaşının müharibə zamanı göstərdiyi şücaətlərdən və qəhrəmanlıqlardan danışdı. O, vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələri nəticəsində yaşayış məntəqələrimizin bir-birinin ardınca azad edildiyini, cəbhədən qələbə xəbərləri gəlməkdə davam etdikcə Prezidentimizin verdiyi bu müjdələrin xalqımıza sonsuz sevinc və qürur hissləri yaşatdığını qeyd etdi.
Daha sonra tədbirdə çıxış edən professor Arif Əfəndi, Qadınlar Şurasının sədri k.ü.f.d. Esmira Quluzadə, k.ü.f.d., b.e.i. Vilayət Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük müharibədə göstərdiyi şücaətdən danışaraq bildirdilər ki, şəhidlərin və qazilərin hesabına biz artıq alnıaçıq və üzüağ gəzirik, onların hesabına vətənimiz bütövləşdi. Eyni zamanda natiqlər şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışdılar.
Sonda tədbirdə iştirak edən qonaqlara xüsusi minnətdarlıq bildirilmişdir.









