Xəbərlər
Mis əritmə ustalarının təcrübələri: Dəmirin kəşfinin necə baş verdiyi haqqında yeni məlumatlar
Okt 08, 2025 | 12:30 / Maraqlı məlumatlar
Oxunub 2232 dəfə

“Archaeological Science” jurnalında dərc olunan məqalədə Gürcüstanın qədim metallurgiya emalatxanası – təxminən 3000 il yaşı olan Kvemo Bolnisi ərazisində aşkar edilmiş metallurgiya qalıqlarının yenidən araşdırılması təqdim olunur.

Məqalədə qeyd olunur ki, 1950-ci illərdə aparılan ilkin analizlər nəticəsində burada hematit (dəmir oksidi mineralları) və şlak (metallurgiya tullantıları) aşkar edilmişdi. Bu tapıntılara əsaslanaraq, həmin emalatxananın erkən dəmirəritmə üçün istifadə olunduğu ehtimal edilirdi.

Lakin yeni məlumatlar göstərir ki, bu nəticələr düzgün deyil. Əslində, Kvemo Bolnisi ustaları dəmir deyil, mis əridirdilər. Onlar misin çıxımını artırmaq üçün dəmir oksidindən “flüs” (əriməni asanlaşdıran əlavə maddə) kimi istifadə edirdilər.

Bu nəticələr göstərir ki, dəmirin kəşfi misi əridən ustaların təcrübələri nəticəsində baş verib. Qədim misəritməçilərin dəmir tərkibli materiallarla sınaqları sonradan dəmirin əridilməsi texnologiyasına gətirib çıxarmışdır.

Hərçənd dəmir dövrü bu metalın kütləvi istehsalının başlanğıcı sayılır, dəmir özü insanlara daha əvvəl də tanış idi. Bürünc dövründə dəmir artefaktlara – məsələn, Tutanxamonun məzarında tapılmış qızıl dəstəkli və dağ bülluru ilə bəzədilmiş dəmir xəncərə rast gəlinir.

Lakin o dövrdəki dəmir əşyalar müxtəlif meteoritlərdən əldə edilən təbii dəmirdən hazırlanırdı, filizdən əridilmirdi. Bu səbəbdən dəmir son dərəcə nadir idi və qızıldan da qiymətli sayılırdı.

Dəmir metallurgiyasının inkişafı əsl texnoloji inqilab yaratdı. Dəmir Yer kürəsində ən geniş yayılmış elementlərdən biridir, lakin təbii şəkildə çox nadir hallarda saf halda rast gəlinir. Onu filizdən çıxarıb alətlər və silahlar hazırlamaq imkanı insan sivilizasiyasının gedişatını dəyişdi.

Dəmir dövrünə keçid tədricən baş verdi, lakin nəticədə Assuriya və Roma ordularında dəmir silahlar, daha sonralar isə sənaye dövründə dəmir yolları və polad karkaslı binalar meydana gəldi.

Krenfild Universitetinin arxeoloq alimlərinin  sözlərinə görə,“Dəmir əsas sənaye metalıdır, lakin yazılı mənbələrin azlığı, onun korroziyaya meylliliyi və tədqiqat çatışmazlığı onun mənşəyini müəyyənləşdirməyi çətinləşdirir.”

Məhz buna görə Kvemo Bolnisi olduqca mühüm bir yerdir. Burada mis əridilməsi prosesində dəmirin məqsədyönlü şəkildə istifadə edildiyinə dair sübutlar tapılıb. Bu da onu göstərir ki, qədim ustalar dəmir oksidini ayrıca bir material kimi tanıyır və onun xüsusiyyətlərini sobalarda öyrənirdilər.

Dəmir oksidinin istifadəsi göstərir ki, mis ustalarının bu cür təcrübələri dəmir metallurgiyasının inkişafında həlledici rol oynamışdır.

https://poisknews.ru/istoriya/eksperimenty-medeplavilshhikov/

JURNALLAR
Faydalı linklər