Okt 16, 2025 | 12:00 / Yubileylər
16 Oktyabr 2025-ci ildə kimya texnologiyası sahəsində görkəmli alim, akademik Ağadadaş Əliyevin 85yaşı tamam olur.
Əliyev Ağadadaş Mahmud oğlu 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun Mexanika fakültəsini bitirmişdir (1958).
Kimya elmləri namizədi “Toluolun benzola əlaqəli hidrogenolizi reaksiyasının tədqiqi” (1969) və elmlər doktoru “Qeyri-stasionar katalitik proseslərin modelləşdirilməsi” (1985) elmi dərəcələri, professor (1985) adını almış, Azərbaycan SSR EA-nın müxbir üzvü (1989), AMEA-nın həqiqi üzvü (2001) seçilmişdir.
1967-ci ildən Azərbaycan SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda baş mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, elmi katib, şöbə müdiri, laboratoriya müdiri, 1994-2010-cu illərdə direktor müavini, 2011-2014-cü illərdə isə AMEA akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutunun direktoru olmuş, hazırda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır.
O, qeyri-stasionar katalitik proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması nəzəriyyəsinin yaradıcısıdır. Kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, çoxmərhələli reaksiyalar üçün yüksək effektivliyə malik çoxfunksiyalı metalseolit katalizatorları sintezinin elmi əsaslarının işlənib hazırlanması onun əsas elmi fəaliyyətini təşkil edir.
A.Əliyevin rəhbərliyi ilə bir neçə yüksəktonnajlı sənaye və yeni katalitik proseslərin riyazi modelləri işlənib hazırlanmış, onların əsasında optimal iş rejimləri hesablanmış və bir sıra neft kimyası zavodlarında və layihə institutlarında tətbiq edilmişdir. Etilen və aromatik karbohidrogenlərin birgə oksidləşmə reaksiyaları üçün aktiv katalizatorların seçilməsi istiqamətində elmi tədqiqat işləri aparmış və nəticədə xlorstirolların və viniltoluolların sintezi üçün yüksək effektli katalitik sistemlər işləyib hazırlamışdır. Bundan əlavə, qaz fazasında etilbenzolun stirola dehidrogenləşmə reaksiyasının riyazi modelini tərtib etmişdir. Onun rəhbərliyi altında alifatik spirtlərin və karbohidrogenlərin (olefin, parafin, naften) qaz fazasında oksidləşdirici çevrilmə reaksiyaları üçün məqsədyönlü selektiv və aktiv polifunksional seolit katalizatorları sintezinin elmi əsasları işlənib hazırlanmış, nəticədə bir sıra karbonilli birləşmələrin, karbon turşularının, tsiklik dien karbohidrogenlərinin və ikipilləli reaktorda oksigeni pillələrarası paylamaq üsulu ilə metandan asetilenin və butandiol-1,4-ün alınması üçün yüksək effektiv katalizatorlar sintez edilmişdir.
A.Əliyev 690-dan çox elmi əsərin, 73 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.
A.Əliyev çox sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmişdir.
A.Əliyevin rəhbərliyi ilə 7 qrant layihəsi (NATO, Ukrayna ETM, Səudiyyə Ərəbistanı Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi, Elmin İnkişafı Fondu, SOCAR) üzrə elmi tədqiqat işləri müvəffəqiyyətlə yerinə yetirilmişdir.
A.Əliyevin rəhbərliyi altında 6 elmlər doktoru və 46 fəlsəfə doktoru hazırlanmışdır.
A.Əliyev Azərbaycan Ali Sovetinin Fəxri fərmanı (və AMEA-nın Fəxri Fərmanı), “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
İnstitutumuzun rəhbərliyi və kollektivi adından hörmətli akademikimizi təbrik edir, ona uzun ömür can sağlığı və yeni-yeni uğurlar arzulayırıq.









