Okt 22, 2025 | 16:05 / Konfranslar, iclaslar
22 oktyabr 2025-ci ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AR ETN akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 90 illik yubileyinə və akademik Toğrul Şahtaxtinskinin anadan olmasının 100 illiyinə həsr olunan Respublika Elmi Konfransı öz işinə başlamışdır. Əvvəlcə Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun və görkəmli alimin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirildi.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik Isa Həbibbəyli İnstitutun 90 ildə şərəfli yol keçdiyini, hal-hazırda onun Kimya Elmləri Bölməsinin aparıcı elmi-tədqiqat İnstitutlarından biri olmasını qeyd etdi. Müasir dövrün çağırışları və kimya elmi qarşısında duran əsas vəzifələr haqqında danışan akademik İsa Həbibbəyli Kataliz və Qeyri-üzvü Kimya İnstitutunun kollektivinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı və onlara bu işlərdə ugurlar arzuladı.
Sonra AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev Kataliz və Qeyri-üzvü Kimya İnstitutunun 90 illik fəaliyyəti və akademik Toğrul Şahtaxtinskinin zəngin və mənalı ömür yolu ilə bağlı geniş məruzə ilə çıxış etdi. Akademik öz məruzəsində İnstitutun yaranma tarixi, onun keçdiyi yol, vaxtı ilə İnstitutda işləmiş görkəmli kimyaçılar, onların ixtiraları, kimya elminə verdiyi tövhələr haqqında konfrans iştirakçılarına məlumat verdi. Qeyd olundu ki, 1935-ci il oktyabrın 25-də SSRİ Elmlər Akademiyasının yenicə yaradılmış Azərbaycan filialının kimya və tətbiqi kimya sektorlarının bazasında Kimya İnstitutu təşkil edilmişdir. Sonrakı illərdə İnstitut bir sıra struktur dəyişikliklərinə məruz qalmış və 2014-cü ildə elmi fəaliyyətinin əsas istiqamətlərinə uyğun olaraq indiki adını almışdır. İnstitut fəaliyyət göstərdiyi bütün dövrlərdə həm Azərbaycanda, həm də respublikadan kənarda aparıcı elmi mərkəz kimi şöhrət qazanmışdır. İnstitutun alimləri mühüm elmi və praktiki əhəmiyyət kəsb edən fundamental və tətbiqi tədqiqatlar aparmışlar. Bu tədqiqatlardan resirkulyasiya nəzəriyyəsinin yaradılması, kimya komplekslərinin optimallaşdırılması və modelləşdirilməsi, geokimya, kristallokimya, kimyəvi kinetika və kataliz, metalların korroziyadan mühafizəsi, kolloid kimya, qeyri-üzvi maddələrin kimyası, materialşünaslıq, koordinasion birləşmələr, mineral xammalın emalı, biomimetik kataliz, makromolekullar kimyası və digər tədqiqatları xüsusi qeyd etmək olar.
İnstitutun son illərdə əldə etdiyi nailiyyətləri xüsüsi vurgulayan akademik Dilqəm Tağıyev impakt faktoru yüksək olan nüfuzlu jurnallarda çap olunan məqalələrin və onlara edilən istinadların sayının sürətlə artmasını, innovasiya xarakterli işlərin yerinə yetirilməsinin, bəzi işlərin tətbiq olunmasını, gələcəkdə İnstitutun elmi simasını müəyyən edəcək perspektiv elmi istiqamətlər üzrə tədqiqatların aparıldığını konfrans iştirakçılarının nəzərinə çatdırdı. Qeyd olundu ki, İnstitut əməkdaşları 2015-2025-cü illərdə 1800 məqalə (onlardan 1150-i Scopus və Web of Science bazalarında indeksləşən jurnallarda) və 14-ü xaricdə olamaqla 95 kitab və mo-noqrafiya çap olunmuşdur. İnstitut əməkdaşlarının məqalələrinə 19.000-dən çox istinadlar edilmiş, 100 Respublika patenti və Avrasiya patenti alınmış, ümumi dəyəri 4,5 mln AZN olan 34 qrant layihəsi (20-si Beynəlxalq olmaqla) yerinə yetirilmişdir. İnstitut 2023 və 2024-cü illərdə Beynəlxalq SCİmago reytinq cədvəlində yer alan 9000-dən çox elmi qurumlar (universitetlər, institutlar, milli və özəl laboratoriyalar) arasında Azərbaycandan olan 8 elmi təşkilatdan biri olmuşdur.
İnstitutda aparılmış elmi-tədqiqatların nəticələri dövlət səviyyəsində qiymətləndirilmiş və ayrı-ayrı illərdə İnstitut əməkdaşlarından 1 nəfər Sosialist Əməyi Qəhrəmanı fəxri adına, 1 nəfər Lenin mükafatına, 1 nəfər SSRI Lenin komsomolu mükafatına, 6 nəfər Azərbaycanın SSR Dövlət Mükafatına, 3 nəfər Lenin, 1 nəfər “Oktyabr İnqilabı”, 3 nəfər “Qırmızı Əmək Bay-rağı”, 5 nəfər “Şərəf Nişanı”, 1 nəfər Azərbaycan Respublikasının Dövlət Mükafatına, 1 nəfər “Şərəf” və 6 nəfər “Şöhrət” ordenlərinə, bir çoxları da “Əməkdar elm xadimi”, “Əməkdar elm və texnika xadimi”, “Əməkdar müəllim” fəxri adlarına, “Əməkdə fərqləndiyinə görə”, “Tərəqqi”, “Azərbaycan Xalq Cumhürriyətinin 100 illiyi (1919-2019)” və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" medallarına və digər mükafatlara layiq görülmüşlər.
Sonra akademik Dilqəm Tağıyev akademik Toğrul Şahtaxtinskinin zəngin və mənalı ömür yolundan və Azərbaycan elminə verdiyi töhfələrdən danışdı. Bildirildi ki, 1959-cu ildə neftə həsr olunmuş ilk monoqrafiyası ilə tanınan Toğrul Şahtaxtinski uzun illər boyu ölkəmizdə neft kimyası və kimya texnologiyası sahəsində fundamental araşdırmalar aparmışdır. Alimin tədqiqatları neft-kimyəvi sintez, kimyəvi kinetika və kataliz, kimya texnologiyasının nəzəri əsaslarına həsr olunmuşdur. Həmin tədqiqatlar üzvi və neft kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsi, kimya texnologiyasının elmi əsaslarının işlənib hazırlanması ilə bağlı geniş spektrə malik problemləri əhatə edir. T.Şahtaxtinski mürəkkəb kimya-texnoloji komplekslərin modelləşdirilməsi və optimallaşdırılmasının elmi-nəzəri prinsiplərini müəyyən etmişdir. D.Tağıyev akademik Toğrul Şahtaxtinskinin səmərəli elmi yaradıcılıqla yanaşı, yüksəkixtisaslı kadrların hazırlanması işinə də böyük önəm verdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, alimin rəhbərliyi altında 60-dan artıq elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. Bildirildi ki, Toğrul Şahtaxtinskinin elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Konfransda iştirak edən qonaqlardan akademiklər Akif Əlizadə, Arif Həşimov, Vaqif Fərzəliyev, Vaqif Abbasov, Sumqayıt Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizov, Özbəkistan MEA Ümumu və Qeyri üzvi Kimya İnstitunun təmsilçisi professor Gülrux Beqjanova və başqaları İnstitut kollektivini 90 illik yubiley münasibəti ilə təbrik etdilər və gələcək tədqiqatlarında onlara daha böyük uğurlar arzuladılar. Sonda akademik Toğrul Şahtaxtinskinin ailəsi adından nəvəsi Emin Şahtaxtinski tədbirin təşkilatçılarına, çıxış edənlərə dərin təşəkkürünü bildirdi.
Qeyd edək ki, konfrans sabah müvafiq seksiyalar üzrə öz işini dəvam etdirəcək.









