Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 illik yubileyinə və akademik Toğrul Şahtaxtinskinin 100 illiyinə həsr olunmuş Respublika Elmi Konfransı yekunlaşdı.
Okt 23, 2025 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 1396 dəfə

23 oktyabr  2025-ci ildə AR ETN akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 90 illik yubileyinə və akademik Toğrul Şahtaxtinskinin anadan olmasının 100 illiyinə həsr olunan Respublika Elmi Konfransı öz işini  bölmələr üzrə davam etdirib. Tədbiri giriş sözü ilə açan akademik Dilqəm Tağiyev  bildirdi ki, bu gün fasiləyə qədər 3, fasilədən sonra daha 4 məruzə dinləniləcək, 80-dən çox posterə baxış keçiriləcək. Eyni zamanda konfrans çərçivəsində gənc tədqiqatçıların mükafatlandırılması baş tutacaq.

Sonra AMEA-nin müxbir üzvü Qüdrət Kəlbəliyevin “Qeyri-nyuton neftlərinin reologiyasının əsas tənliyi və tətbiqi problemlərin həlli”, k.e.d., professor Əfsun Sucayevin “Canlı orqanizmlərin bəzi patoloji proseslərinə qarşı enzim və izoenzimlərin yeni nəsil inhibitorlarının yaradılması”, k.e.d, professor Rasim Alosmanovun “Polimer “fırça”lar: dizaynı və tətbiqi”, AMEA-nın müxbir üzvü Eldar Zeynalovun “Fullerenlərin və karbon nanoborularının radikal reaksiyaları”, k.e.d., professor Nəcəf Qəhrəmanovun “Poliolefinlər əsaslı kompozit materiallarda polimer matrisin seqreqasiya quruluşuna lifli doldurucunun təsiri”, k.e.d. Fizuli Nəsirovun “ Butadienin polimerləşməsi üçün yeni heterogenləşdirilmiş bifunksional katalizator-stabilizator”, k.e.d. Rayyət İsmayılovun “ Keçid metalların modullaşdırılmış oliqo-a-amino piridinlərlə metal-strinq kompleksləri” mövzularında təqdimatları dinlənildi, məruzəçilərə suallar verildi, nəticələr müzakirə edildi.

Daha sonra akademik Dilqəm Tağıyev bildirdi ki, ölkə başçısının sərəncamı ilə bu il “Konstitusiya və Suverenlik ili” elan olunmuşdur. Eyni zamanda bu il Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun yaradılmasının 90 illiyi və akademik Toğrul Şahtaxtinskinin 100 illiyi qeyd olunur. Qeyd olunan bu əlamətdar hadisələrlə əlaqədar 35 yaşadək gənc alim və tədqiqatçılar arasında müsabiqə elan olunmuşdur. Müsabiqəyə 15 nəfər gənc tədqiqatçı sənədlərini vermiş, müsabiqə komisiyası elmi fəaliyyətləri ilə seçilən gəncləri müəyyən etmişdir. Beləliklə, müsabiqə komisiyasının qərarına əsasən 1 nəfər 1-ci, 2 nəfər 2-ci, 3 nəfər  3-cü yerə layiq görülüb və 4 nəfər həvəsləndirici mükafata təqdim olunub. Sonra akademik qalibləri mükafatlandırdı və onlara gələcək işlərində uğurlar arzuladı. Akademik gənclərə göstərilən diqqət və qayğıdan danışaraq qeyd etdi ki, belə mükafatlandırma gənclərdə stimul yaradır.

 

JURNALLAR
Faydalı linklər