Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 8 noyabr - Zəfər Günü qeyd olunub
Noy 06, 2025 | 14:22 / Konfranslar, iclaslar
Oxunub 1359 dəfə

AR ETN M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ZəfəGünü qeyd olunub. Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla  yad  edilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan İnstitutun icraçı direktoru, AMEA-nın  müxbir üzvü Məhəmməd Babanlı bildirdi ki, 8 noyabr 2020-ci il tariximizin  səhifəsinə Şanlı Qələbə Günü kimi yazılıb. 5 il bundan öncə 8 noyabr tarixində  qalib ordumuzun müzəffər Ali Baş Komandanı Azərbaycanın tarixi şəhəri və mədəniyyət mərkəzi hesab edilən, mənəvi cəhətdən xalqımız üçün önəmli olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini  vurğuladı. Həmin tarixdən 2 gün sonra  noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları  arasında  münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanat imzalandı. Bu, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbəsi, Ermənistanın isə Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyərək döyüş meydanında rüsvayçı məğlubiyyəti, kapitulyasiyası idi. M.Babanlı bildirdi ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi qüdrəti, mükəmməl ordu quruculuğu və xalq-prezident-ordu birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəsi ilə nəticələndi. 2020-ci ilin  sentyabrın 27-dən başlayan və cəmi 44 gün davam edən,  işğal altındakı ərazilərimizin azad edilməsi ilə tamamlanan Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsi, xalqımızın iftixar və qürur mənbəyidir. Cənab Prezidentin AMEA-nın 80 illik yubileyində qeyd etdiyi kimi,  bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.

Məruzəçi qeyd etdi ki, həmin dövrdə işğal altındakı torpaqların azad edilməsi naminə canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmək Azərbaycan gəncliyinin amalına, məqsədinə çevrildi. Xalqımız öz igid övladlarının  qəhrəmanlığını heç vaxt unutmayacaq və onlar  Azərbaycanda həmişə ən yüksək səviyyədə yad ediləcək. M.Babanlı vurğuladı ki, hazırda cənab Prezidentin rəhbərliyi altında Şərqi Zəngəzur və Qarabağda başlanan geniş bərpa–quruculuq işləri sürətlə davam edir, müxtəlif meqa layihələr həyata keçirilir, qaçqın və köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar.

Sonra İnstitutun Həmkarlar təşkilatının sədri, professor Arif Əfəndi, Qadınlar Şurasının sədri, dosent Esmira Quluzadə, professorlar İxtiyar Bəxtiyarlı və Asif Məmmədov, dosent Süleyman Verdiyev və başqaları 44 günlük müharibədə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlardan, ölkə başçısının rəhbərliyi altında Qarabağda aparılan bərpa və quruculuq işlərindən, cənab prezidentin hazırki mürəkkəb geosiyasi şəraitdə apardığı uğurlu siyasətdən, suverenliyimizin bərpası üçün 20 sentyabrda aparılan antiterror əməliyyatlarından  danışdılar.

JURNALLAR
Faydalı linklər