Okt 30, 2025 | 12:46 / Konfranslar, iclaslar
30.10.2025-ci il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya Şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 19-i iştirak etmişdir. İclasda İnstitutunun doktorantı k.ü.f.d., dos. Leyla Fərhad qızı Məşədiyevanın kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 2303.01 – “Qeyri-üzvi kimya” ixtisasında təqdim etdiyi “Mis və gümüşün p3-elementlərlə xalkogenidlərinin və onlar əsasında funksional xassəli fazaların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AMEA-nın müşaviri akademik Adil Qəribov, AR ETN akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi kimya elmləri doktoru, professor Özbək Əliyev, AR ETN Təbii Ehtiyatlar İnstitutunun direktoru AMEA müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyev, Milli Su və Ətraf Mühit Mühəndisliyi Universitetinin Kimya və Fizika kafedrasının müdiri (Ukrayna), kimya elmləri doktoru, professor Mikola Volodimiroviç Moroz iş haqqında geniş məlumat verdilər. Şura üzvlərinin müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi. Səsvermə nəticələri əsasında, ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev yekun nəticəni rəsmi olaraq elan etdi.









