Noy 17, 2025 | 11:39 / Konfranslar, iclaslar
AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Katalizatorların hazırlanması” laboratoriyasının böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova 2025-ci il oktyabr ayının 13-dən bir ay müddətinə Almaniyanın Rostok şəhərində yerləşən və Avropanın aparıcı elmi-tədqiqat mərkəzlərindən biri olan “Leibniz-Institute for Catalysis” (LIKAT) tədqiqat institutunda elmi ezamiyyətdə olmuşdur.
Ezamiyyət müddətində Günel Əzimova LIKAT-ın “Heterogen Katalitik Proseslər” şöbəsində hazırda aktual və yüksək əhəmiyyət kəsb edən “Plastik tullantıların depolimerləşməsi” istiqamətində tədqiqat işləri aparmışdır. Xüsusilə o, son illərdə ekoloji cəhətdən daha dayanıqlı və təkrar emal edilə bilən bioplastik kimi tanınan Polietilen Furanoatın (PEF) depolimerləşməsi üzrə eksperimental araşdırmalar həyata keçirmişdir.
Hazırkı tədqiqat mövzusu qlobal miqyasda ətraf mühitin mühafizəsi baxımından olduqca vacib sayılır. Belə ki, plastiklər müasir texnologiya və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş, lakin eyni zamanda ciddi ekoloji problemlərin mənbəyinə də dönmüşdür. Statistikalara əsasən, hər il dünyada 460 milyon tondan artıq plastik material istehsal olunur, lakin bu materialların cəmi 9 faizi təkrar emal edilir. Qalan hissəsi isə ya yandırılır, ya da torpağa basdırılır və nəticədə ətraf mühitə, torpaq və su resurslarına, həmçinin canlı orqanizmlərə mənfi təsir göstərir.
Plastik tullantıların idarə olunması bu gün bütün dünya üçün ciddi ekoloji problemə çevrilmişdir. Onun yerinə yetirdiyi tədqiqat məhz bu qlobal problemin aradan qaldırılmasına yönəlmiş, apardığı tədqiqatlar plastiklər üçün dövri iqtisadiyyatın qurulmasına, yəni tullantısız və dayanıqlı istehsal modelinin inkişafına mühüm müsbət nailiyyətlər verir. Onun fəaliyyəti həm fundamental elmi, həm də tətbiqi sahədə qabaqcıl texnologiyaların inkişafına real töhfə vermək potensialına malikdir.
Ezamiyyət müddətində Günel Əzimova həmçinin müxtəlif qabaqcıl fiziki-kimyəvi analiz metodları ilə tanış olmuş və praktik bacarıqlarını inkişaf etdirmişdir. O, nümunələrin analizi üçün XRF, XRD, BET, FTIR spektroskopiyası, eləcə də SEM, TEM mikroskopiyası, TG/DTA və qaz xromatoqrafiyası kimi metodlardan istifadə etmişdir.
Təcrübə dövründə gənc alim orada təşkil olunan bir sıra elmi seminarların fəal iştirakçısı olmuş, onun elmi fəaliyyəti və göstərdiyi təşəbbüskarlıq şöbə əməkdaşları tərəfindən yüksək qiymətləndirilmiş və nəticə etibarilə institut rəhbərliyi tərəfindən təşəkkür məktubu ilə təltif edilmişdir.
İnstitut adından gənc alimimizə gələcək elmi fəaliyyətində uğurlar arzulayır, onun bu cür beynəlxalq təcrübələrinin Azərbaycan elminin inkişafında mühüm rol oynayacağına inanırıq.









