Noy 19, 2025 | 12:55 / Yubileylər
AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda görkəmli kimyaçı, AMEA-nın müxbir üzvü, Mübariz Əhmədovun anadan olmasının 80 illiyinə həsr olunmuş iclas keçirilmişdir. Tədbirdə İnstitutun Elmi Şurasının üzvləri və əməkdaşlar, eyni zamanda yetişdirdiyi tələbələri iştirak edirdi. Öncə mərhum alimin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, professor Mübariz Əhmədov tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlarından metan və onun konversiya məhsulları ilə termiki və katalitik üsulla reduksiya etməklə, ətraf mühitin mühafizəsini təmin edən qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanmışdır. Kükürd anhidridini metan və onun konversiya məhsulları ilə reduksiya etmək üçün yüksək effektivliyə malik olan alüminium oksid əsasında hazırlanmış kobalt və nikel tərkibli katalizatorlar təklif olunmuşdur. Prosesin nəzəri tərəfləri (termodinamiki və kinetik qanunauyğunluqları) sistematik şəkildə öyrənilmiş və laboratoriya tədqiqatlarının nəticələri Gəncə əlvan metalların təcrübə zavodunda pilot qurğusunda, sonra Ryazan metallurgiya zavodunda təcrübə-sənaye qurğusunda müvəffəqiyyətlə sınaqdan keçirilmiş və Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilmişdir (1977-1990-ci illlər). Onun rəhbərliyi altında 21 kimya elmləri namizədi və elmlər doktoru müdafiə etmiş, əməkdaşlara elmi məsləhətlərlə kömək etmişdir.
Sonra “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasının müdiri, prof.Arif Heydərov professor Mübariz Əhmədovun həyat və fəaliyyətindən bəhs edən məruzə ilə çıxış etdi. Bildirdi ki, Mübariz Məcid oğlu Əhmədov 1945-ci il noyabr ayının 4-də Azərbaycan Respublikası Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. Ziyalı bir nəslin nümayəndəsi olan Mübariz Əhmədovun təhsilə marağın yaranmasında və bir şəxsiyyət kimi yetişməsində ailəsinin böyük rolu olmuşdur. Onun atası, Əhmədov Məcid Əhməd oğlu Respublikanın “Əməkdar Müəllim”i olmuşdur. Mübariz Əhmədov 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. Demək olar ki, AMEA-nın müxbir üzvü Mübariz Əhmədovun "Mineral maddələrin texnologiyası" laboratoriyasına başçılıq etməsi onun alın yazısı idi. O, 1964-cü ildə "Mineral maddələrin texnologiyası" laboratoriyasında işə başlamışdır. 1970-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra M.Əhmədov Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) “qeyri-üzvi maddələrin texnologiyası” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur.
Yaradıcılıq fəaliyyəti və yüksək zəhmətkeşliyi sayəsində o, 1974-cü ildə akademik H.Şahtaxtinskinin rəhbərliyi ilə "Konversiya olunmuş təbii qazın tərkibinin kükürd-4 oksidin reduksiya prosesinə təsiri və katalitik konversiya və reduksiya proseslərinin bir reaktorda aparılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Laboratoriya rəhbəri akademik H.Şahtaxtinskinin müavini olaraq M.Əhmədov öz elmi fəaliyyətini metallurgiya sənayesinin kükürd tərkibli tullantı qazlarından elementar kükürdün alınması prosesinin emalı sahəsində davam etdirmişdir.
1986-cı ildə Mübariz Əhmədov Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun "Kükürd tərkibli filizlərin kompleks emalı” laboratoriyasının rəhbəri vəzifəsinə təsdiq edilir.
İllər keçir və M.Əhmədov Azərbaycanın mineral maddələrin kompleks emalının kimya və texnologiyasının geniş tədqiqatlarının əsasında öz elmi məktəbini yaradır.
O, 1990-cı ildə "Yüksəkqatılıqlı kükürd qazından elementar kükürdün alınmasının fiziki-kimyəvi əsasları və emalının texnologiyası" mövzusunda Leninqrad Texnologiya Institutunda doktorluq dissertasiyasını müdafiə edir və texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülür. 1992-ci ildə M.Əhmədova "Qeyri-üzvi maddələrin texnologiyası” ixtisası üzrə professor elmi adı verilir.
Mübariz Əhmədov 1991-1996-cı illərdə Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun, sonra - 2002-2014-cü illərdə AMEA-nın akad.M.Nağıyev adına Kimya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, 1996-cı ildən 2002-ci ilədək keçmiş Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktor vəzifəsinin icraçısı olmuşdur.
O, 2014-cü ildən 2018-ci ilə kimi AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Mineral xammalın kompleks emalı" şöbəsinin və "Qeyri-filiz xammalın emalı" laboratoriyasının rəhbəri vəzifəsində işləmişdir.
M.Əhmədovun elmi fəaliyyətinin əsas istiqamətləri və əldə etdiyi nailiyyətləri qısa şəkildə belə göstərmək olar: ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edən metallurgiya və qaz sənayesində alınan kükürd-tərkibli qazın utilizasiyası; metanın sintez qaza su buxarı və karbon qazı ilə metal-seolit katalizatorlarının işlənib hazırlanması üçün metallanması; Azərbaycan Respublikasının filiz və qeyri-filiz yataqlarının kompleks emalı texnologiyasının yaradılması. Onun elmi fəaliyyətində Respublikamızda çox zəngin təbii ehtiyata malik, tərkibində 40-a qədər qiymətli element olan Filizçay polimetal sulfid filizinin kompleks emalının nəzəri və təcrübi tədqiqi əsas yer tutur. Onun tərəfindən Filizçay filizinin və selektiv konsentratlarının əsas komponentlərinin (Pb, Cu, Zn, S) və onları müşayiət edən qiymətli metalların (Ag, Au, Bi, Ga, İn, Cd və s.) çıxarılmasını təmin edən kompleks emalının bir neçə variantda texnoloji sxemləri təklif olunmuş, eyni zamanda çətinzənginləşən Filizçay polimetal kolçedan filizinin birbaşa kompleks emalının (oksigen və ya kükürd anhidridi ilə avtoklav həllolma; xloridlərin qovulma üsulu və s.), eləcə də flotasiya üsulu ilə filizin zənginləşdirilməsindən alınan selektiv konsentratların (qurğuşun, mis-sink) kompleks emalının fiziki-kimyəvi və texnoloji əsasları işlənib hazırlanmışdır.
Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edən mineral xammalın (alunit, gil, dolomit süxurları və s.) kompleks emalının texnologiyasının yaradılması və müvafiq olaraq qiymətli məhsulların (Al2O3, Al2(SO4)3, Na2SO4, K2SO4, MgO, MgCl2, CaO, CaCl₂) alınması üsulları işlənib hazırlanmışdır. Son illər M.Əhmədovun elmi fəaliyyətində Respublikamızda zəngin ehtiyata malik və tərkibində kifayət qədər strateji metal - alüminium olan kaolin gillərinin emalı və bir sıra sənaye tullantılarından qiymətli metalların çıxarılması istiqamətində aparılan tədqiqatlar əsas yer tutmuşdur. Azərbaycan Respublikasının kalsittərkibli süxurlarının-təbaşir, əhəng daşı və mərmərin hidrofoblaşmasına həsr edilmiş tədqiqatlar praktiki əhəmiyyət daşıyır. Mövzuya aid B.S.Sərdarov, Y.X.Xəlilov, M.М.Әhmədov və M.İ.Xəlilovanın "Keramik divar materiallarının texnologiyası" (Bakı, 2000, -194 s. Biblioqr.:14ad.) adlı dərs vəsaiti nəşr edilmişdir.
Ümumiyyətlə, M.Əhmədov tərəfindən aparılan elmi işlər istər nəzəri, istərsə də təcrübi baxımdan böyük əhəmiyyətə malik olmaqla yanaşı, bilavasitə mineral sərvətlərin kompleks emalına yönəldilmiş və Azərbaycan Respublikasının iqtisadiyyatının İnkişafı üçün böyük əhəmiyyət kəsb etmişdir.
M.Əhmədov 400-dən artıq elmi əsərin müəllifidir. Bunlardan 200-ə qədəri yaxın və uzaq xaricdə (Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, İran, Almaniya, ABŞ, Türkiyə, Çexiya, Avstriyada) nəşr olunan mötəbər elmi jurnallarda öz əksini tapmışdır.
Onun elmi əsərlərinə bir çox Azərbaycan və xarici ölkə alimlərinin işlərində istinad edilmişdir, rəhbərliyi altında 21 elmlər namizədi (fəlsəfə elmləri doktoru), 1 elmlər doktoru hazırlanmışdır. Mübariz Əhmədov bir çox ölkələrdə (Almaniya, Fransa, Türkiyə, İran, Çexiya, Bolqarıstan və MDB ölkələrində) Azərbaycanı, elm xadimi olaraq, elmi simpozium və konfranslarda təmsil etmişdir.
M.Əhmədovun xidmətləri Dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Kimya elminin inkişafı sahəsində xidmətlərini nəzərə alaraq o, SSRİ Nazirlər Kabinetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarları ilə “Fəxri Fərman”larla təltif edilmişdir. Eyni zamanda o, SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanları ilə, "1941-1945-ci illər Böyük Vətən müharibəsi Qələbəsinin 20 illik" Yubiley medalı və" Əmək veteranı” medalı ilə də təltif olunmuşdur.
Uzun illər səmərəli elmi fəaliyyətinə görə AMEA-nın müxbir-üzvü, t.e.d., professor Mübariz Məcid oğlu Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2005-ci il tarixli sərəncamı ilə «Şöhrət» ordeni ilə təltif edilmişdir. AMEA-nın müxbir üzvü Mübariz Məcid oğlu Əhmədov 2018-ci il noyabrın 25-də ömrünün 73-cü ilində vəfat etmişdir. Onun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Tədbirdə institutun professorlarından İxtiyar Bəxtiyarlı, Asif Məmmədov, Elza Salahova, dosentlərdən Esmira Quluzadə və Sevil Cəfərova alim haqqında ürək sözlərini və xatirələrini iclas iştirakçıları ilə bölüşüblər.
Akademik Dilqəm Tağıyev
Professor Arif Heydərov









