Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının cari ildə 130 məqaləsi Web of Science və Scopus bazalarında indekslənən jurnallarda dərc olunmuşdur.
Noy 27, 2025 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 1661 dəfə

Bu gün AR Elm və Təhsil Nazirliyinin akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında institutun cari il üçün yekun hesabatı dinlənilmişdir. İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev  bildirib ki, cari ildə institutun  elmi fəaliyyətini  qənaətbəxş hesab etmək olar. Bu il fundamental və tətbiqyönlü mühüm elmi nəticələr əldə olunub, həmin nəticələr beynəlxalq bazalarda referatlaşan yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda institutun  beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində  əhəmiyyətli işlər görülüb.

Sonra İnstitutun yekun hesabatını təqdim etmək üçün AMEA-nın müxbir üzvü, İnstitutun icraçı direktoru Məhəmməd Babanlıya söz verildi. O, 2025- ci il üzrə İnstitutda aparılan  elmi və elmi-təşkilati işlər barəsində ətraflı məruzə etdi. Məruzəçi  bildirdi ki, cari ildə İnstitutda 3 problem üzrə aparılan elmi-tədqiqat  işləri  nəticəsində 11 mühüm elmi nəticə əldə edilmiş,  bu ilin  11 ayı ərzində   institut əməkdaşlarının 130  məqaləsi Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda dərc olunmuşdur ki, bu məqalələrin 13-ü Q1 və 12-i Q2 kvartilli jurnallardadır. Bunlardan  Polyhedron,  Journal of Molecular Structure , Journal of Chemical Thermodynamics, Journal of Materials Science, Solid State Communications, Journal of Alloys and Compounds, Chemical Thermodynamics and Thermal Analysis, Journal of Electrochemical Science and Engineering və s. kimi  Q1 və Q2 kateqoriyalarına daxil olan yüksək impakt faktorlu jurnalları göstərmək olar. Həmçinin cari ildə institut əməkdaşları tərəfindən 7 patent almış, patent almaq üçün 2 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınmışdır.  Cari ildə İnstitutda 1 qrant çərçivəsində tədqiqatlar davam etdirilərək sona çatmış,  1 layihə isə mobillik qrant müsabiqəsinin qalibi olmuşdur. Alim bildirdi ki, institut əməkdaşları tərəfindən il ərzində 15 monoqrafiya,  kitab və  dərslik nəşr edilmişdir.

2025-cı ilin 11 ayı  ərzində  institutda aparılan tədqiqatların nəticəsi olaraq 153 məqalə (53 Respublika, 100 xarici jurnallarda, 38 - Web of Science, 92- SCOPUS), 215  tezis (onlardan 63 xarici ölkələrdə) çap olunmuşdur.

Dövri nəşrlər haqqında danışan alim bildirdi ki,  İnstitutda 2 elmi jurnal- Azərbaycan Kimya Jurnalı və  Kimya Problemləri  nəşr olunur. Hər iki jurnal Scopus bazasında indekslənir. Sevindirici haldır ki, bu il hər iki jurnalın impakt faktoru artmışdır (Azərbaycan Kimya Jurnalı – CiteScore 0,7; Kimya problemləri jurnalı – CiteScore1,1).

Kadr hazırlığı məsələsinə toxunan alim qeyd etdi ki, İnstitutun doktorantura və dissertanturasında ümumilikdə 49 nəfər təhsil alır (elmlər doktoru elmi dərəcəsi almaq üçün 17 nəfər , fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 32).   

Cari ildə İnstitutun təşkilatçılığı ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun yaradılmasının 90 illik, akademik Toğrul Şahtaxtinskinin anadan olmasının 100 illiyinə həsr olunmuş  elmi konfrans keçirilmişdir.

Beynəlxalq elmi əlaqələrdən danışan alim bildirdi ki, 2025-ci ildə institutun əməkdaşları xarici ölkələrdə (Almaniya, Pakistan, Belçika, İtaliya, Türkiyə, Rusiya, Gürcüstan, Çin Xalq Respublikası) 15 elmi ezamiyyətdə  olmuşlar.

Elmlə təhsiliin inteqrasiya məsələlərindən danışan natiq bildirdi ki, İnstitutda Bakı Dövlət Universitetinin Ümumi və Qeyri-üzvi kimya və Fiziki və Kolloid Kimya kafedralarının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya və qeyri-üzvi maddələrin texnologiyası  kafedrasının filialları fəaliyyət göstərir. Eyni zamanda  il ərzində bir sıra ali təhsil müəssisələrinin bakalavr və magistrləri institutda təcrübə keçmişlər.

İnstitutun 26 əməkdaşı Elm Təhsil Nazirliyinin 2025 ci il üzrə  elmi iş müəlliflərinin müəllif balının hesablanması qaydasına və 2019-2024 cü illəri əhatə edən məqalələrin elmmetrik göstəricilərinə əsasən A, B, C kateqoriyaları üzrə mükafatlandırılmışlar.

Sonra məruzə ətrafında müzakirələr olub, suallar cavablandırılıb, təkliflər söylənilib.

İclasa yekun vuran akademik Dilqəm Tağıyev hesabat barəsində, gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini  verdi.

JURNALLAR
Faydalı linklər