Dek 24, 2025 | 12:00 / Konfranslar, iclaslar
Dekabrın 23-də AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA Kimya Elmləri Bölməsinin (KEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezident, akademik Dilqəm Tağıyev, bölmənin üzvləri, elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, gənc alim və tədqiqatçılar, BDU, ADNSU və Ali Neft məktəbinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, KEB-in sədri, akademik Dilqəm Tağıyev iclasın Kimya Elmləri Bölməsinə daxil olan institutların, AR ETN Radiasiya Problemləri İnstitutunun, BDU- nun Kimya və ADNSU-nun Kimya Texnologiya Fakültələrinin, eləcə də Ali Neft məktəbinin 2025-ci ildə aprılmış elmi tədqiqat işlərinin yekunlarına həsr olunduğunu bildirib.
Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun icraçı direktoru, k.e.d., dos.Mürsəlov Nizami təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, tətbiq olunan işlər, beynəlxalq əlaqələr, keçirilən tədbirlər barədə məlumat verib. Alim bildirib ki, cari ildə elmi müəssisədə 3 istiqaməti əhatə edən 6 problem üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 17 əsas və mühüm elmi nəticə əldə edilib. İnstitut tərəfindən quyularda və neftçıxarma borularında asfalt, qatran və parafinçökmənin qarşısının alınması məqsədi ilə təbii neft turşularının törəmələri, yüngül fleqma əsasında (Marka “Parkorin-22 A”) parafinçökmə inhibitor-bakterisidinin istehsalı davam etdirilmiş və “İNKOR”-MMC-də 607.65 ton “Parkorin-22 A” inhibitor-depresant parafinçökmə inhibitorunun istehsalı təşkil edilmişdir. Eyni zamanda “İNKOR”-MMC ilə birlikdə aktivləşdirilmiş daş tozu ilə xüsusi təmizlənmiş təbii neft turşusu (TNT) istehsal olunmuş və 8,0 ton Azvirt MMC-yə təhvil verilmişdir. “Qarabağ-1,2,3,4” bitki boy stimullaşlaşdırıcılarının Yevlax və Sabirabad rayonlarında pambıq və maralfalfa sahələrində sınaqlar aparılmış və yüksək nəticələr alınmışdır. Bu, ölkənin kənd təsərrüfatında məhsuldarlığın artırılması və torpaqların bərpa potensialının gücləndirilməsi baxımından böyük tətbiqi əhəmiyyət kəsb edir. Cari ildə institut əməkdaşları tərəfindən əldə edilən nəticələr 81-i xaricdə olmaqla 230 elmi məqalədə, patentdə öz əksini tapmışdır. Həmçinin, cari ildə 8 kitab və 12 monoqrafiya çap olunub. 2025-ci ildə institut əməkdaşlarının nəşrlərinə 3000-dən çox istinad edilib. Cari ildə İnstitutda 3 qrant layihəsi çərçivəsində tədqiqatlar davam etdirilmiş, 5 yeni qrant layihəsi qalib olmuşdur. 2025-ci ildə İnstitutun bağladığı təsərrüfat müqavilələri nəticəsində 65000 manat büdcədən kənar vəsait İnstitutun maliyyə hesabına daxil olub. Məruzəçi aparılan elmi-tədqiqat işlərinin nəticələri və əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib.
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı təmsil etdiyi qurumun cari ildəki hesabatını təqdim edib. Alim bildirib ki, cari ildə İnstitutda 3 problem üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində 11 mühüm elmi nəticə əldə edilib. Aparılmış tədqiqatların nəticələri 164 məqalə (103 xaricdə) şəklində çap olunub. Cari il ərzində 41 məqalə Web of Science və 104 məqalə Scopus bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub. Clarivate Analytics bazasında yer alan ən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrdən 14-ü Q1, 14-i Q2 qrupuna daxildir. 2025-ci ildə İnstitut əməkdaşlarının məqalələrinə 3000 minə yaxın istinadlar edilib. Həmçinin cari ildə institut əməkdaşları tərəfindən 19 monoqrafiya, kitab və dərslik çap edilmiş, 7 patent alınmış və patent almaq üçün 2 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınmışdır. Cari ildə İnstitutda 1 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilmiş, 1 layihə isə qrant müsabiqələrinin qalibi olmuşdur. Eyni zamanda cari ildə İnstitutun bağladığı təsərrüfat müqaviləsi nəticəsində 250000 manat büdcədən kənar vəsait İnstitutun maliyyə hesabına daxil olmuşdur.
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən hesabatı təqdim edib. Akademik bildirib ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2025-ci ildə 17 mühüm elmi nəticə əldə olunub. Qeyd olundu ki, xüsusi təyinatlı texnikanın dizel mühərriki üçün bütün mövsümlərdə işləyən yeni motor yağı və itiyerişli yerüstü texnikanın yüksək gücləndirilmiş dizel mühərrikləri üçün yeni motor yağı işlənib hazırlanmış, həmçinin 30 %-li hidrogen peroksidlə oksidləşdirilmiş və 130-135 °C temperaturda tiokarbamidlə kimyəvi modifikasiya edilmiş günəbaxan yağının Ca qliseratları mineral yağ(T-1500) ilə qarışdırıldıqdan sonra 5 – 7% qrafit əlavə edilməklə ekoloji tələblərə cavab verən sürtkü alınmış və tətbiqi xarakterli bu nəticələr patentləşdirilmişdir. İnstitutda yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı 2025-ci ilin aprel ayınadək AMEA “Aşqar” EİB-də davam etdirilərək yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Sanqaçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində istifadə olunmaq üçün ARDNŞ-ə təqdim olunub. İstehsal olunan “Depressator-AKİ” aşqarı 2025-cii ilin aprel ayına qədər İnstitut tərəfindən vaxtaşırı müəllif nəzarətindən keçirilib. Eyni zamanda cari ildə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı institutun “Aşqar” EİB-də bu il də davam etdirilib, həmçinin “Fraktion Texnologies F-Tech” MMC-nin müraciətinə əsasən məhsul istehsalını təmin etmək üçün elmi-texniki işlərin aparılmasına dair müqavilə əsasında “Depressator AKİ-EKO” TŞ AKİ 3536814-92-2025 texniki şərtləri işlənib hazırlanmışdır. İl ərzində 45 elmi məqalə, o cümlədən onlardan 13-ü respublikada, 32-i xaricdə (28 məqalə Web of Science və Scopus bazalarında, 4 məqalə isə digər beynəlxalq bazalara daxil olan jurnallarda) çap olunub, 29 patent alınıb, 3 kitab nəşr olunub. 2025-ci ildə İnstitut əməkdaşlarının məqalələrinə 400-ə yaxın istinadlar edilib. Cari ildə İnstitutun bağladığı təsərrüfat müqavilələri nəticəsində 15991 manat büdcədən kənar vəsait İnstitutun maliyyə hesabına daxil olub.
Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov illik hesabat təqdim edərək təmsil etdiyi elmi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, nəşr olunmuş məqalələr barədə məlumat verib. Alim bildirib ki, Polimer Materialları İnstitutunda cari ildə aparılan elmi-tədqiqat işləri 14 mühüm elmi nəticə ilə yekunlaşıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 57 çap olunmuş məqalədə və 4 kitabda, 5 patentdə öz əksini tapmışdır. Məqalələrdən 15-i respublikada, 42-i xaricdə çap olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiya Fakültəsinin dekanı prof. Sevinc Məmmədxanova bildirdi ki, fakültədə 3 mövzu üzrə elmi tədqiqat işləri aparılıb. Fakültəyə daxil olan kafedraların əməkdaşları tərəfindən cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, 12 dərs vəsaitidə, 8 patent və 424 məqalədə öz əksini tapıb. Onlardan 187-i pespublikada, 237-ı xaricdə çap olunub ki, onlardan da 70-i Web of Science və Scopus bazalarında indeksləşən jurnallardadır.
Bakı Dövlət Universitetinin Kimya Fakültəsinin “Üzvi kimya” kafedrasının müdiri akademik Abel Məhərrəmov bildirib ki, fakültədə 3 elmi-tədqiqat və “Sənaye kimyası” laboratoriyaları fəaliyyət göstərir və 11 mövzu üzrə tədqiqatlar aparılıb. Akademik qeyd edib ki, əməkdaşlarımız tərəfindəın cari ildə 5 mühüm nəticə alınıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 193 çap olunmuş məqalə öz əksini tapıb. Onlardan 51-i pespublikada, 142-i xaricdə çap olunub ki, onlardan da 113-ü WOS və scopus bazalarında indekslənmiş jurnallardadır.
Bakı Ali Neft məktəbinin elmi katibi, k.e.d. İlhamə Zərbəliyeva bildirdi ki, kimya elmləri üzrə 3 mövzunu əhatə edən tədqiqat işləri aparılıb. Ümumillikdə kimya və Neft-qaz istiqamətləri üzrə alınan elmi nəticələr 22 elmi məqalədə və 2 patentdə öz əksini tapıb ki, onlardan 11-i WOS və scopus bazalarında indekslənmiş jurnallardadır.
Radiyasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev təmsil etdiyi qurumun cari ildəki nailiyyətlərindən danışaraq bildirdi ki, institutda 6 laboratoriya kimya profillidir. Bu laboratoriyalarda ölkə ərazisinin ətraf mühit komponentlərinin radionuklid və kimyəvi tərkibinin tədqiqi, karbohidrogen və su əsaslı sistemlərdə radiasiyanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərin kinetika və mexanizminin tədqiqi, bu sistemlərdə hidrogenin, olefinlərin, polimerlərin və praktikada geniş istifadə olunan yüksəkmolekullu materialların alınması və modifikasiyası üçün optimal şərtlərin tapılması, çirkləndirici qarışıqların deqradasiyasının qanunauyğunlarının öyrənilməsi və s. üzrə tədqiqatlar aparılır. Alim bildirdi ki, institut üzrə bu il təkcə Q1 kvartilli jurnallarda 47 məqalə dərc olunub ki, onların da əksəriyyəti kimyaçıların payına düşür.
Aparılan müzakirələrdə akademik Adil Qəribov, AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanov və başqaları iştirak edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik Dilqəm Tağıyev prioritet istiqamətlər üzrə fundamental tədqiqat işlərinin davam etdirilməsinin, eyni zamanda iqtisadiyyata tövhə verə bilən tətbiqi yönümlü elmi-tədqiqat işləri ilə bağlı aparılan araşdırmaların daha da genişləndirilməsinin, o cümlədən hidrogenin energetikası ilə əlaqəli tədqiqatların vacib olduğunu vurğulayıb. Akademik qeyd edib ki, elm və təhsilin inteqrasiyası istiqamətində işlər daha da genişləndirilməli, universitetlərlə birgə elmi-tədqiqat işlərinin aparılmasına, layihələrin həyata keçirilməsinə, kadr hazırlığına xüsusi önəm verilməlidir.
KEB-nin Ümumi yığıncağı hesabat verən təşkilatların 2025-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunmasına yekdilliklə səs verib.









