Yan 19, 2026 | 14:59 / Konfranslar, iclaslar
Yanvarın 19-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Kimyası İnstitutu” PHŞ-in “Kataliz və Qeyri-üzvi Kimya bölməsi”ndə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş nitqiylə açan İnstitutun Həmkarlar Təşkilatının sədri k.e.d. Arif Əfəndi 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gündür. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Tədbirdə Institutun Elmə dəstək şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı çıxış edərək bildirdi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Artıq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulmuş, Azərbaycanın müzəffər Ordusu Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qələbə qazanmışdır.
Sonra İnstitutun baş e.i. Asif Məmmədov, laboratoriya müdiri Fəxrəddin Mahmudov, dosent Faiq Məmmədov 20 Yanvar faciəsi barəsində danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha qeyd olunub: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Qeyd olunub ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı məsələ ilk dəfə Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin səhəri günü - 1990-cı il yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, bu qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Dahi şəxsiyyət bu hadisənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edərək, onun törədilməsini kobud siyasi səhv kimi qiymətləndirdi. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha nümayiş etdirib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.









