Xəbərlər
Foto
Kimya İnstitutunda Gənclər günü ilə bağlı tədbir keçirilmişdir
Fev 03, 2026 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 123 dəfə

02 fevral 2026-cı il tarixində AR ETN Kimya İnstitutunda “Gənclər Günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Institutun elmə dəstək şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı qeyd etdi ki, “Gənclər günü”nün  təsis olunması, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir, müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər ölkəmizdə siyasi hakimiyyətin müxtəlif dövrlərində gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində önəm verilməsini dəstəkləyib. Onun siyasi irsini öyrəndikcə Azərbaycan gəncliyinə necə böyük  diqqət və qayğı göstərdiyinin şahidi oluruq. Ümummilli Liderimizin imzaladığı bir çox sərəncamlar zamanında dövlətin gənclər siyasətinin hərtərəfli inkişafına geniş imkanlar yaradıb.  Müasir dövrümüzdə də, ulu öndərin bu strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir,  gənclərə bütün sahələrdə yüksək etimad göstərir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar. M.Babanlı bildirdi ki, 2016-cı il Aprel döyüşlərində və 2020-ci il 44 günlük Vətən müharibəsində nümayiş etdirilmiş qəhrəmanlıq, gənc nəslin vətənpərvərlik ruhunun və ölkə taleyində mühüm rolunun açıq göstəricisidir. Həmin dövrlərdə gənclər yüksək vətənpərvərlik, birlik və nəhayət böyük qəhrəmanlıq göstərmişlər. Fiziki və mənəvi cəhətdən sağlam, dünyada gedən prosesləri anlaya bilən, müasir texnologiyalara yiyələnmiş, elmi dünyagörüşlü və güclü, əqidəli gənclər Azərbaycanın inkişafının əsas təkanverici qüvvəsidir və onlar hər sahədə dövlətimizi layiqincə təmsil edirlər. Bir sözlə, sağlam düşüncəli və yüksək intellektual potensial daşıyan gənclər hər bir cəmiyyətin əsas inkişaf amilidir. Vətənimizin işıqlı sabahının və rifahının zəmanəti gənclərdir.

Professor institutun gənc alimlərinin 2025-ci ildəki uğurlarını vürğuladı, onlara beynəlxalq elmi əməkdaşlığı daha da intensivləşdirməyi, müxtəlif təqaüd və qrant proqramlarından aktiv istifadə etməyi, peşəkarlıq bacarıqlarını təkmilləşdirmək üçün mövcud geniş imkanlardan səmərəli yararlanmağı, xarici dil biliklərini artırmağı tövsiyə etdi. O, elmi konfranslarda, simpozium və müsabiqələrdə daha fəal iştirakın əhəmiyyətini vurğulayaraq, öz inkişafına daim diqqət yetirən, yüksək məsuliyyət daşıyan və intizamlı gənc kadrlara hər zaman dəstək veriləcəyini bildirdi. Sonda, M.Babanlı  2 fevral – “Gənclər Günü” münasibətilə institutun bütün gənclərini təbrik edərək, onlara can sağlığı və elmi fəaliyyətlərində yeni nailiyyətlər arzuladı.

Tədbir çərçivəsində həmçinin, institutun baş elmi işçisi, k.ü.f.d. Faiq Məmmədov və böyük elmi işçi, k.ü.f.d. Günel Əzimova Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin gənclər siyasətindən, gənclərə yaradılan hər cür şəraitdən, dövlət qayğısından danışdılar və gəncləri bu gün  münasibətlə təbrik etdilər.

JURNALLAR
Faydalı linklər