Fev 24, 2026 | 20:00 / Konfranslar, iclaslar
Dünyanın aparıcı elmi mərkəzlərində çalışan bir qrup tanınmış azərbaycanlı alimlərlə onlayn video-konfrans keçirilib. Giriş nitqi ilə çıxış edən AR Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” Publik Hüquqi Şəxsin direktor səlahiyyətlərini icra edən professor Əfsun Sucayev bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamı və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 oktyabr 2025-ci il tarixli 292 nömrəli qərari ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ilə bağlı akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu əsasında “Kimya İnstitutu” Publik Hüquqi Şəxs təsis edilmişdir.
O qeyd edib ki, ötən müddətdə yeni formalaşan İnstitutun tərkibində struktur islahatlar aparılmış, elmi fəaliyyətin elmmetrik meyarlar əsasında qiymətləndirilməsi əsasında bir-birini təkrarlayan, oxşar istiqamətdə fəaliyyət göstərən laboratoriyalar birləşdirilmiş və ya ləğv edilmiş, dünyanın müasir elmi çağrışlarına və Azərbaycanın yeni reallıqlarına cavab verən laboratoriyalar yaradılmışdır.
Ə.Sucayev bundan sonra dünya elminə inteqrasiya, ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi ölkə iqtisadiyyatına töhfə verən dövlət-özəl sahələrlə inovativ əməkdaşlığa böyük önəm veriləcəyini vurğulayıb.
İnstitut rəhbərinin sözlərinə görə, xaricdə fəaliyyət göstərən tanınmış alimlərlə belə bir görüşün keçirilməsinin əsas məqsədi fundamental elm sahəsində birgə elmi əməkdaşlığın prioritetlərini müəyyənləşdirmək və görkəmli kimyaçı alimlərimizin bununla bağlı konkret təkliflərini dinləmək və onların həyata keçirilməsi istiqamətində əməli fəaliyyətə başlamaqdır.
Görüşdə çıxış edən Portuqaliyanın Lisabon Universitetində çalışan professor Kamran Mahmudov diqqətə çatdırıb ki, Azərbaycanda kimya elminin daha da inkişaf etməsi üçün hərtərəfli əməkdaşlığa hazırdı və indiyə qədər fəaliyyətində mütərək əməkdaşlığa önəm verərək, dövlətimizə hər zaman fayda verməyə çalışır. O, Kimya İnstitutunun onun məşğul olduğu prioritet istiqamətlərə uyğun laboratoriyalara elmi dəstək verəcəyini, bunun üçün istedadlı gənc alimləri öz beynəlxalq tədqiqat qrupuna cəlb edəcəyinin mümkünlüyünü qeyd edib.
Bir sıra mühüm təkliflərlə çıxış edən K. Mahmudov mütəmadi olaraq beynəlxalq konfransların, o cümlədən mərhələli şəkildə kimya elminin multidissiplinar sərhədlərində fəaliyyət göstərən xaricdəki alimlərimizin qabacıl beynəlxalq təcrübələrinin yerli həmkarları ilə paylaşması baxımından onların Kimya İnstitutunda elmi seminarlarının təşkilini vacib hesab edib.
ABŞ-nin Ostin Texas Universitetinin professoru Yusif Abdullayev hər şeydən öncə yeni Kimya İnstitutunda tədqiqat mühütünün yaxşılaşdırılmasının olduqca zəruri olduğunu, tədqiqatçıların müasir fiziki-kimyəvi cihazlarla, laboratoriya avadanlıqları ilə, eləcə də reaktivlərlə operativ və sürətli şəkildə təchiz edilməsinin önəmini vurğulayıb. O bahalı cihazların isə vahid analitik mərkəzini yaratmaqla, onların kollektiv şəkildə istifadəsini, xaricdən gətirilən tətdiqat məqsədli kimyəvi avadanlıqların, reagentlərin əlavə dəyər vergisi və gömrük rəsmiləşdirilməsi xərclərindən azad olunmasını, hər il mütəmadi olaraq gənc tədqiqatçıların xarici elmi mərkəzlərə təcrübəkeçməyə göndərilməsi ilə bağlı aktual olan bəzi təkliflərini səsləndirib.
ABŞ-nın Berkli Kaliforniya Universitetinin tanınmış tədqiqatçısı Kənan Şıxəliyev isə Kimya İnstitutunun alimləri ilə müştərək tədqiqat aparılacaq mövzuların seçilməsinə xüsusi diqqət verilməsi, birgə elmi rəhbərlik altında gənc tədqiqatçıların hazırlanması, beynəlxalq layihələrdə iştirakçılıq, və alimlərin real iqtisadiyyata xidmət edən inovativ tədqiqatlara cəlb olunmasını əhatə edən təklifləri diqqətə çatdıraraq, bu istiqamətlərdə gərəkən dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Görüşdə iştirak edən Kimya İnstitutunun Elmi tədqiqata dəstək şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, İnzibati şöbənin rəhbəri dosent Faiq Məmmədov, baş elmi işçi, texnika elmləri doktoru Aqil Səfərov və digər alimlər belə görüşlərin yaxın gələcəkdə əyani formada keçirilməsi və eyni zamanda bu səpkidə müzakirələrdə konkret təkliflər üzərində fikir mübadilələrin aparılmasının Kimya İnstitutun inkişafına əməli töhfə verə biləcəyini bildiriblər.









