Fev 26, 2026 | 12:21 / Nəşrlər
Kimya İnstitutunun əməkdaşları, professor Qüdrət Kəlbəliyev və dosent Manaf Manafovun həmmüəllifi olduğu kitab dünyaca məşhur “Intech Open” (Böyük Britaniya, London) nəşriyyatında dərc olunub.
“Rheology - Advances and Applications” adlı kitab 9 fəsildən ibarətdir. Kitabın II fəsli “The Basic Rheology Equation for Highly Viscous Non-Newtonian Fluids and Its Applications” (“Yüksək özlülüklü qeyri-Nyuton mayeləri üçün əsas reologiya tənliyi və onun tətbiqləri”) qeyd edilən azərbaycanlı kimyaçı alimlər tərəfindən yazılıb. Tədqiqat işində yüksək özlülüklü mayelər üçün sürüşmə gərginliyinin relaksasiya vaxtından və sürüşmə sürətindən asılılığını əks etdirən yeni ümumiləşdirilmiş reologiya tənliyi təklif olunur. Kitabda sərhəd şərtləri nəzərə alınmaqla, yüksək özlülüklü dispers sistemlərin sürüşmə gərginliyini və effektiv özlülüyünü qiymətləndirməyə imkan verən müxtəlif analitik həllər həmçinin, qüvvət qanununa tabe olan mayelər üçün ümumi reologiya tənliyi təqdim olunur. Reologiya tənliyinin kaoqulyasiya strukturlarının əmələ gəlməsi və məhv edilməsi nəzərə alınmaqla ağır neftlərin effektiv özlülüyü qiymətləndirilir və dispers sistemlərə praktik tətbiqləri təklif olunur. Təcrübi məlumatlardan istifadə edərək praktik problemlərin həlli üçün yeni reoloji modelin çoxsaylı spesifik tətbiqləri göstərilir. Təklif olunan reoloji modellərin təcrübi məlumatlarla müqayisəsinin müsbət nəticələr verdiyi nəzərə çatdırılır.
Qeyd edək ki, “Intech Open” dünyanın aparıcı elm, texnologiya, tibb jurnallarının, kitablarının nəşriyyatı və yayımçısıdır. 2004-cü ildən etibarən nəşriyyat 7900-dən çox açıq girişli kitab nəşr etmiş, ən yaxşı 1% müəlliflər və aparıcı universitetlərin tədqiqatçıları da daxil olmaqla 11600-dən çox qurumdan 202.000-dən çox müəllif və redaktorlardan ibarət qlobal şəbəkə qurmuşdur. Qeyd etmək lazımdıır ki, bu elmi iş ilə professor Q. Kəlbəliyevin İntech Open” nəşriyyatında çap olunan kitabların sayı 4-ə, dosent M. Manafovun isə 3-ə çatmışdır.









