Fev 26, 2026 | 16:50 / Konfranslar, iclaslar
AR ETN Kimya İnstitutu PHŞ-də Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Institutun direktoru vəzifəsini icra edən, professor Əfsun Sucayev bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri yazıldı. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törətdi. 34 il öncə Xocalıda yaşanan bu faciə yalnız bir xalqa qarşı deyil, ümumən insanlığın əleyhinə yönəlmiş bəşəri cinayət idi. Ən böyük təskinliyimiz odur ki, işğal olunmuş torpaqlarımız artıq azaddır və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: ”Biz Xocalının qisasını döyüş meydanında aldıq!” Xalqımızın başına gətirilən faciələrin bir daha yaşanmaması üçün hər birimiz bir vətəndaş olaraq dövlətimizin, dövlətçiliyimizin yanında olmalı, onun artan gücünə öz əməli töhfələrimizi verməli və bu faciəni heç vaxt unutmamalıyıq. Artıq bütün Qarabağda olduğu kimi Xocalıda da, geniş miqyaslı bərba quruculuq işləri gedir və qaçqınlar dogma yurd-yuvalarına qayıdırlar.
Sonra İnstitut əməkdaşları prof.Arif Əfəndi, dos.Faiq Məmmədov, dos.Süleyman Verdiyev, k.e.i. Nəzakət Əliyeva Məmmədova, e.i. Aygün İsazadə və başqaları çıxış edərək bildiriblər ki, bu faciə ermənilərin əsil milli kimliyini ortaya qoydu. Bildirildi ki, rəsmi məlumatlara görə, Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürüldü. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl idi. 8 ailə tamamilə məhv edildi, yüzlərlə uşaq valideynlərindən birini və ya hər ikisini itirdi, yüzlərlə insan şikəst oldu və əsir götürüldü. 150 nəfərin taleyi bu günə qədər məlum deyil. Bu hadisə ermənilərin son yüz ildə bizə qarşı törətdiyi alçaq cinayətləri bağışlayan, hətta bəzən unudan xalqımız üçün ciddi bir mesaj oldu. Biz bu kimi faciələrimizi heç vaxt unutmamalıyıq. Əlbəttə, o gecə qətl edilən yüzlərlə insanın hələ də ürəyimizi sızladan faciəsi heç zaman yaddaşlardan silinməyəcəkdir. Lakin, təskinliyimiz ondan ibarətdir ki, işğal olunmuş torpaqlarımız müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən azad edildi, suverenliyimiz bərpa olundu, xocalı sakinlərinin qisası alındı. Doğma Qarabağımızda quruculuq işləri uğurla davam etdirilir, qaçqınlarımız hissə- hissə dədə-baba torpaqlarına qayıdırlar.









