Mart 04, 2026 | 14:43 / Yubileylər
Nağıyev Tofiq Murtuza oğlu 4 mart 1941-ci ildə Bakıda anadan olmuşdur. ADU-nun kimya fakültəsində (1959-1964) təhsil almışdır. Kimya elmləri namizədi “Etilbenzolun stirola əlaqəli dehidrogenləşməsi reaksiyasının tədqiqi” (1967), kimya elmləri doktoru “Bir sıra praktik əhəmiyyətli karbohidrogenlərin və onların törəmələrinin əlaqəli dehidrogenləşməsi və hidrogenolizi reaksiyalarının kinetikası və mexanizminin tədqiqi” (1974) elmi dərəcəsini, 1976-cı ildə professor elmi adını almışdır. Azərb. SSR EA KTNPİ-da laboratoriya müdiri (1969), 2014-cü ildən M.F.Nağıyev ad. KQKİ-da Koherent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları şöbəsinin müdiri vəzifəsində çalışmışdır. AMEA-nın həqiqi (2001), AMEA Rəyasət Heyətinin üzvü (2007) və AMEA-nın vitse-prezidentidir (2013). AAK RH-nin üzvü olmuşdur (2001-2020). 2004-cü ildə AME Redaksiya Heyətinin məsul katibi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru təyin edilmişdir.
Əsas elmi nailiyyətləri: Kimyəvi və biokimyəvi reaksiyaların koherent sinxronlaşmasının makrokinetik nəzəriyyəsinin müəllifidir. O, bununla fiziki kimyanın mühüm bölməsini - kimyəvi kinetikanı inkişaf etdirmiş və mürəkkəb reaksiyaların yeni kinetik təhlil üsulunu təklif etmişdir. Son illərin elmi tədqiqat işləri biomimetik katalizlə bağlıdır. Təklif etdiyi yeni HO΄2 – asılılıqlı elementar reaksiyalar onun fundamental elmi nailiyyətləri sırasında mühüm yer tutur: atmosfer azotunun oksidləşdirici fiksasiyası (“Nağıyev effekti”) qoşulmuş dehidrogenləşmə, epoksidləşmə, hidroksilləşmə və metanın metanola, formaldehidə və hidrogentərkibli qaza oksidləşməsi reaksiyalarının tədqiqinə imkan vermiş, nəticələr mütəxəssislər tərəfindən tanınmışdır. Kimyəvi və biokimyəvi sistemlərdə kimyəvi enerjinin toplanması prinsipinin öyrənilməsi sahəsində çox işlər görülmüş, rəhbərliyi ilə yeni analitik sistemlər olan biomimetik sensorlar yaradılmışdır.
T.Nağıyevin rəhbərliyi ilə 25 fəlsəfə doktoru və 2 elmlər doktoru yetişdirilmişdir. O, 600-dən artıq elmi əsərin, 54 patent və müəlliflik şəhadətnaməsinin, 6 monoqrafiyanın müəllifidir. Əsərlərinin çoxu xaricdə çap olunmuş, “Химическое сопряжение” (“Наука”, 1989, Moskva), “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” (“Elsevier”, Amsterdam, 2007), “Conjugated reactions in chemistry and biology in the context of modern ideas”. “Generis” publishing (2021) monoqrafiyaları, “Current Perspective Chemical Science”, Malasiya (2021) kitabda “A discussion on the Theory of Conjugated Reactions in the Context of Modern ideas”, Chapter 4. fəsli çap edilmişdir.
Fransa Neft İnstitutunda təcrübə keçmiş (1970-1971), B.Britaniyada (1974-1975), ABŞ-da (1987, 1990-1991) VCU-nun kimya fakültəsində “vizitinq” professor kimi, həmçinin Pensilvaniya, Viskonsin, Corctaun universitetlərində (1991) məruzələrlə çıxış etmiş, İsveçdə (1989-1990) Lund Universitetinin Kimya Mərkəzində elmi ezamiyyətlərdə olmuşdur. O, çoxsaylı beynəlxalq konfrans, simpozium, konqres və forumlarda dəfələrlə moderator olmuş, plenar məruzələrlə çıxış etmişdir.
“AMEA-nın məruzələri” (2007), “Azərbaycan kimya jurnalı”nın (2013), “Elm”–“Наука” qəzetinin (2013), REA SB-nin “Химия в интересах устойчивого развития” jurnalının redaksiya heyətinin üzvüdür (2017). “Большая Российская Энциклопедия”da akad. T.Nağıyev haqqında məqalə dərc edilmişdir (2013). “Research Features” jurnalında elmi fəaliyyətinə və tədqiqatlarına həsr olunmuş geniş elmi məqalə dərc olunmuşdur (B. Britaniya, 2017). Onun rəhbərliyi ilə 2004-2020-ci illərdə AME-nin xüsusi cildi və çoxcildli universal ensiklopediyanın 11 cildi nəşr edilmişdir. “Rəşadətli əməyə görə” medalı (1970), “Şöhrət” ordeni (2004) və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı (2019) ilə təltif olunmuşdur, Dövlət mükafatı laureatıdır (2014), “Şərəf“ ordeni (2021), Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur (2024).
Kimya İnstitutunun kollektivi akademik Tofiq Nağıyevi ürəkdən təbrik edir!









