Apr 16, 2026 | 19:26 / Konfranslar, iclaslar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” Publik Hüquqi Şəxsin Həmkarlar Təşkilatının seçki iclası keçirilib. Tədbirdə AR Elm və Təhsil Nazirliyi Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov, İnstitutun rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Institutun direktoru səlahiyyətlərini icra edən, professor Əfsun Sucayev institutda optimallaşdırma ilə bağlı aparılan struktur dəyişiklikləri haqqında məlumat verib. O bildirib ki, “Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Sərəncamı imzalanıb və nəticədə bir sıra institutlar, o cümlədən akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu əsasında “Kimya İnstitutu” Publik Hüquqi Şəxs yaradılıb.
O bildirib ki, İnstitutda struktur və institutsional islahatlar şəffaf və ədalətli şəkildə uğurla həyata keçirilir və uzun illər ərzində tədqiqat institutlarında yığılmış müxtəlif problemlər mərhələli şəkildə həllini tapmaqdadır. Aparılan optimallaşdırma və yenidən strukturlaşma tədbirlərı institutlararası əməkdaşlığa, tədqiqat mühitinin yaxşılaşdırılmasına, tədqiqat işlərinin effektivliyinin artırılmasına, alim əməyinin daha da yüksək qiymətləndirilməsinə, gənc alimlərin dəstəklənməsinə, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq. Müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq.
Alimlərin sosial vəziyyətinə toxunan professor qeyd edib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutlarında çalışan tədqiqatçıların əməyinin stimullaşdırılması məqsədilə həyata keçirilən proqramın əhatə dairəsi bu il genişləndirilib və sevindirici haldır ki, “Kimya İnstitutu” Publik Hüquqi Şəxsin ümumilikdə 66 əməkdaşı maddi mükafat alanların siyahısına daxil olub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bilavasitə təklifi və təşkilatçılığı ilə gerçəkləşən bu tədbirlər bir tərəfdən alimin əməyinə qiymət verməklə, onlar arasında sağlam rəqabət mühütünün yaradılması, digər tərəfdən ölkəmizin elminin dünya elminə inteqrasiyası üçün institutlarda aparılan elmi tədqiqatların keyfiyyət göstəricilərinin artırılmasına xidmət edəcəkdir.
Sonra alim yeni institutda ictimai təşkilatlarında yenidən formalaşdırılması zərurəti yarandığını diqqətə çatdırıb.
Daha sonra, Kimya İnstitutu PHŞ-nin Həmkarlar Təşkilatının yeni tərkibinin formalaşdırılması məqsədilə iclasın sədrliyi İnstitutun “Tədqiqata dəstək” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıya həvalə olunmuşdur.
M. Babanlı iclasın gündəliyi haqqında məlumat verdikdən sonra Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Habil Qurbanova söz verib. H.Qurbanov keçmiş Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Aşqarlar Kimyası İnstitutunun Həmkarlar Təşkilatlarının fəaliyyətindən danışaraq, onların işini yüksək qiymətləndirib. O hər iki təşkilatın sədrləri olmuş k.e.d., prof. Arif Əfəndi və k.ü.f.d., dos. Elxan İsakovu uzunmuddətli, peşəkar fəaliyyətləri ilə əlaqədar HT-nın Fəxri Diplomu və pul mükafatı ilə mükafatlandırıldığını bildirib, diplom və pul mükafatını onlara təqdim edib.
Sonra “Kimya İnstitutu” PHŞ-in Həmkarlar Komitəsinin və Təftş-nəzarət komissiyasının yeni tərkibinin seçilməsi haqqında təkliflər dinlənilib, namizədlər irəli sürülüb. Açıq səsvermə nəticəsində k.ü.f.d., dos. Vüsalə Məcidzadə “Kimya İnstitutu” PHŞ-in Həmkarlar Təşkilatının sədrı, 9 nəfərdən ibarət komitə üzvləri və 3 nəfərdən ibarət təftiş komissiyasının üzvləri seçilib.
Sonda prof. Habil Qurbanov, prof. Arif Əfəndi və k.ü.f.d., dos. Elxan İsakovun çıxış edərək yeni tərkibə fəaliyyətlərində uğurlar arzulayıblar.









