Apr 28, 2026 | 10:22 / Konfranslar, iclaslar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” PHŞ-də 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilmişdir. Tədbiri giriş sözü ilə açan institutun Həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dos. Vüsalə Məcidzadə Ümumdünya Əməyin Mühafizəsi Gününün tarixi haqqında məlumat verərək bildirdi ki, bu günün qeyd edilməsi Amerika və Kanada zəhmətkeşlərinin 1989-cu ildə ilk dəfə bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin anma günü kimi başlanmışdır. Sonradan bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənərək, 2003-cü ildən etibarən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilməsi elan edilmişdir. Bu günün əsas məqsədi iş yerlərində təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırmaq, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısını almaqdır. Əməyin mühafizəsi hər bir işçinin sağlam və təhlükəsiz şəraitdə çalışmaq hüququnu təmin edən mühüm sahədir.
2026-cı il üçün Ümumdünya Əməyin Mühafizəsi Gününün əsas devizi: “İş yerlərində psixososial risklərin idarə olunması, müasir yanaşma və həlli yolları” olaraq elan edilmişdir. Bu o deməkdir ki, əməyin mühafizəsi yalnız fiziki risklərin idarə olunması ilə məhdudlaşmır. Eyni zamanda, işçilərin psixoloji sağlamlığı, emosional rifahı və iş yerində qarşılıqlı münasibətlərin keyfiyyəti ümumi təhlükəsizlik mədəniyyətinin əsas elementlərindəndir. Bu baxımdan, sağlam psixososial mühitin formalaşdırılması üçün əməkdaşların maarifləndirilməsi, stress və tükənmişliyin qarşısının alınması, iş yükünün düzgün bölüşdürülməsi və iş-həyat balansının qorunması prioritet istiqamətlərdəndir.
Hər il bütün dünyada təxminən 340 milyon istehsal qəzasının və 160 milyon insanın isə peşə xəstəliyinin müxtəlif tərzdə qurbanı olduğu qeydiyyata alınır. Göründüyü kimi, bu çox böyük statistik göstəricidir. Ona görə də, müəssisələrdə təhlükəsizlik texnikasına əməl olunması, işçilərin xüsusi qoruyucu vasitələrlə təmin edilməsi və mütəmadi təlimlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Çünki, sağlam əmək şəraiti həm işçinin həyatını qoruyur, həm də iş məhsuldarlığını artırır. Bütün əməkdaşlar anlamalıdırlar ki, təhlükəsizlik hər bir iş yerində əsas prioritet olmalıdır. Hər bir rəhbər və işçi əməyin mühafizəsi qaydalarına ciddi yanaşmalı, sağlam və təhlükəsiz iş mühitinin yaradılmasına töhfə verməlidir. Unutmayaq ki, insan həyatı hər şeydən qiymətlidir.









