Apr 29, 2026 | 16:00 / Konfranslar, iclaslar
29 aprel 2026-cı il tarixində Kimya İnstitutunda fəaliyyət göstərən FD 1.15 Dissertasiya şurasının nəzdində 2303.01 – “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın növbəti iclası keçirilib.
İclas professor Akif Əliyevin sədrliyi və dosent Leyla Məşədiyevanın elmi katibliyi ilə baş tutub. Seminarda institutun fəlsəfə doktoru proqramı üzrə dissertantı İsmayılova Elnarə Nadir qızının “Cu–Sn–Sb–Se sisteminin bəzi qatılıq müstəviləri üzrə faza tarazlıqları və qarışıq kationlu selenidlərin termodinamik xassələri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılıb. Dissertasiya işi professor İxtiyar Bəxtiyarlının elmi rəhbərliyi ilə yerinə yetirilib.
Dissertantın təqdimatından sonra rəyçilər – kimya elmləri doktoru, professor Nağı Yaqubov və kimya üzrə fəlsəfə doktoru Elnur Oruclu çıxış edərək, işlə bağlı müsbət rəylərini bildiriblər. Daha sonra seminar iştirakçıları tərəfindən ünvanlanan çoxsaylı suallar dissertant tərəfindən ətraflı cavablandırılıb.
Müzakirələrin yekununda keçirilən gizli səsvermənin nəticələrinə və rəyçilərin müsbət rəylərinə əsasən, elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim olunmasını məqsədəuyğun hesab edib.









