May 08, 2026 | 18:00 / Konfranslar, iclaslar
Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyevin inkişaf strategiyası gənc alimlərin tədqiqatlarında” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə AMEA Gənclər Akademiyasının İdarə Heyətinin üzvləri müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər.
AR ETN Kimya İnstitutunun böyük elmi işçisi, AMEA Gənclər Akademiyasının Rəqəmsal Mobillik Mərkəzinin təmsilçisi, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova “Heydər Əliyev ideyaları və gənclik: rəqəmsallaşan dünyada gənclər”mövzusunda məruzə ilə çıxış edib.
O, çıxış zamanı bildirib ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiq qalmaqla yanaşı, qlobal rəqəmsal transformasiyanın yaratdığı imkanlardan səmərəli şəkildə istifadə etməlidir. Məruzədə vurğulanıb ki, rəqəmsallaşan dünyada informasiya təhlükəsizliyi, media savadlılığı və milli kimliyin qorunması gənclərin qarşısında duran əsas vəzifələrdəndir. Eyni zamanda qeyd edilib ki, sosial şəbəkələrin və rəqəmsal platformaların düzgün istifadəsi gənclərin həm fərdi inkişafına, həm də cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakına mühüm töhfə verir.
Günel Əzimova bildirib ki, Azərbaycan gəncliyi dövlətin yaratdığı imkanlardan yararlanaraq beynəlxalq arenada ölkəni layiqincə təmsil edir, innovativ layihələrdə və elmi təşəbbüslərdə fəallıq nümayiş etdirir. Bu baxımdan, Azərbaycan gənclərinin rəqəmsal bacarıqlarının artırılması və müasir texnologiyalara inteqrasiyası strateji əhəmiyyət daşıyır. Heydər Əliyev ideyalarının təbliği və gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi gələcək nəsillərin milli dövlətçilik prinsiplərinə bağlı yetişməsində mühüm rol oynayır.









