May 13, 2026 | 10:20 / Nəşrlər
AR ETN Kimya İnstitutunun "Nanokarbon katalizatorları iştirakında oksidləşmə prosesləri" laboratoriyasının əməkdaşlarının “Testing N-imide as a potential active non-metallic catalyst for the diesel oil fraction aerobic oxidation” (Dizel yağı fraksiyasının aerob oksidləşməsi üçün potensial aktiv qeyri-metal katalizator kimi N-imidin sınaqdan keçirilməsi) adlı məqaləsi “Web of science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan “Materials Testing MATERIALPRÜFUNG MATERIALS – COMPONENTS – TECHNOLOGY – APPLICATION ” jurnalında dərc olunmuşdur. Bu məqalədə dizel yanacağından əldə edilən parafin-naften karbohidrogenlərinin aerob oksidləşməsinin kinetikası qeyri-metal katalizator N-(p-hidroksifenil)dixlormaleimid iştirakı ilə kəmiyyətcə qiymətləndirilmişdir. Oksidləşmə prosesi nəticəsində oksidləşən və kondensasiya edən məhsulları müəyyən etmək üçün qaz xromatoqrafiyası-kütlə spektrometriyası və infraqırmızı spektroskopiya kimi müasir tədqiqat metodlarından istifadə edilmişdir. Bu reaksiya nəticəsində sənaye əhəmiyyətli aldehidlər, spirtlər, üzvi turşular və onların efirləri də daxil olmaqla çoxsaylı üzvi maddələr alınır. Qeyri-metal N-(p-hidroksifenil) dixlormaleimid katalizatoru ilə aparılan reaksiyalar katalizatorsuz aparılan həmin reaksiyalara nisbətən böyük üstünlüklərə malikdir. Bu xüsusiyyətlərə və təcrübələrin nəticələrinə əsasən, N-(p-hidroksifenil)dixlormaleimid maye fazada parafin-naften karbohidrogenlərinin aerob oksidləşməsi üçün yeni nəsil, qeyri-metal katalizator kimi tövsiyə edilə bilər.
Qeyd edək ki, bu jurnal “Web of Science” (IF=3.63; Q2) və “Scopus” (IF=5.7; Q2) beynəlxalq elmi bazalarında indeksləşir.
Naghiyev Yagub, Zeynalov Eldar, Friedrich Jörg, Mammadbeyli Eldar, Nadiri Mehpara, Mustafayeva Narmin and Malikova Nurana. "Testing N-imide as a potential active non-metallic catalyst for the diesel oil fraction aerobic oxidation" Materials Testing, vol. 68, no. 5, 2026, pp. 898-907. https://doi.org/10.1515/mt-2025-0367









