Xəbərlər
Foto
Kimya İnstitutunda “İnsan hüquqlarının təminatı və müasir çağırışlar” mövzusunda maarifləndirici seminar keçirilib
İyn 08, 2026 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 146 dəfə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda 8 iyun 2026-cı il tarixində “İnsan hüquqlarının təminatı və müasir çağırışlar” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda institutun əməkdaşları, doktorantlar və gənc tədqiqatçılar iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Seminarı giriş sözü ilə açan Elmi tədqiqatlara dəstək şöbəsinin rəhbəri dosent Faiq Məmmədov insan hüquqlarının təminatı və müdafiəsinin cəmiyyətin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çıxışlarda rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı,
informasiya mühitində baş verən dəyişikliklər, iqlim dəyişikliklərinin insan hüquqlarına təsiri, rəqəmsal mühitdə insan hüquqlarının qorunması, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi, dezinformasiyaya qarşı mübarizə, süni intellektin etik və məsuliyyətli tətbiqi, eləcə də gənclərdə hüquq mədəniyyətinin formalaşdırılması məsələləri xüsusi vurğulanıb. Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi k.ü.f.d. Səadət Bənənyarlı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqları, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələr, qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar və milli fəaliyyət planları barədə ətraflı məlumat verib. Psixoloq Səidə Əhmədova isə sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının təmin edilməsi, inklüziv cəmiyyətin inkişafı, sosial xidmətlərə bərabər çıxış imkanlarının genişləndirilməsi və hüquqi maarifləndirmə fəaliyyətinin gücləndirilməsinin prioritet istiqamətlərdən olduğunu qeyd edib.
Daha sonra , Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri — Həcər Aslanova, Leyla Vahidzadə, Aygün İsazadə, Nəzakət Məmmədova çıxış edərək müasir dövrdə insan hüquqlarının təminatı ilə bağlı aktual məsələlərdən bəhs ediblər. Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və xatirə şəkli çəkdiriblər.
Məlumat üçün bildirək ki, seminar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olmuş 18.05.2026-cı il tarixli məktubun icrasını təmin etmək məqsədilə, insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması, insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara diqqətin cəlb edilməsi, habelə bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılığın yüksəldilməsi məqsədilə 18 may–18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” çərçivəsində həyata keçirilmişdir .

JURNALLAR
Faydalı linklər