İyn 23, 2026 | 09:09 / Konfranslar, iclaslar
AR Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda "Beynəlxalq Dillər Klubu" fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Əməkdaşlıq Sektorunun əməkdaşı Natiq Salahov qonaqları salamlayaraq, sektorun institutun beynəlxalq elmi arenada nüfuzunun artırılması istiqamətindəki məqsədyönlü fəaliyyətini vurğulayaraq qeyd edib ki, bu günə qədər sektor tərəfindən təşkil olunan seminarlar və elmi müzakirələr əməkdaşların elmi-praktik biliklərinin zənginləşməsində və qlobal elmi mühitə inteqrasiyasında faydalı rol oynayıb. Çıxışında Natiq Salahov yeni fəaliyyətə başlayan bu klubun institutda çalışan gənc tədqiqatçılar üçün daşıdığı strateji vaciblik və praktiki faydaları vurğulayıb. O, qeyd edib ki, son dövrlərdə doktoranturaya qəbul prosesində ingilis dili imtahanı ilə bağlı gənc tədqiqatçıların üzləşdikləri müəyyən çətinliklər mövcuddur. Bu çətinliklərin aradan qaldırılması və gənclərə kömək məqsədilə institut rəhbərliyi klubun yaradılması ideyasını dəstəkləmiş və lazımi köməklik ediləcəyini bildirmişdir. Qeyd olunmalıdır ki, klubun yaradılması sadəcə dil öyrənmək məqsədi daşımır, eyni zamanda gənc alimlərin qarşısına çıxan konkret akademik maneələri effektiv şəkildə aradan qaldırmaq, onların qlobal layihələrdə sərbəst təmsilçilik qabiliyyətini artırmaq üçün mühüm bir dəstək mexanizmi funksiyasını yerinə yetirəcək.
Sonra sürətləndirilmiş dil mənimsənilməsi üzrə mütəxəssis, 12 xarici dilin bilicisi və təlimçisi Murad Bünyadzadə tərəfindən doktoranturaya qəbul imtahanının strukturu barədə geniş metodoloji təqdimat edilib. Mütəxəssis Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən və Avropa Şurasının Dil Səviyyələri (CEFR) üzrə B2 standartlarına əsaslanan imtahanın tam struktur mexanizmini – Dinləmə (Listening), Oxu (Reading), Dil qaydalarından istifadə (Language Use), Yazı (Writing) və Şifahi nitq (Speaking) bloklarını detallı şəkildə izah etmişdir. M.Bünyadzadə gənc tədqiqatçıların imtahan zamanı vaxtın düzgün idarə olunması, akademik ifadələrin və passiv qrammatik strukturların düzgün tətbiqi, eləcə də esse yazılışı və şifahi təqdimat zamanı həyəcanı aradan qaldırmağın "qızıl qaydalarını" gənclərlə bölüşmüşdür. O, namizədlərin bu mərhələni hər hansı bir uğursuzluq riski olmadan, daha rahat, asan və stressiz keçmələri üçün effektiv praktiki yolları və spesifik metodoloji tövsiyələri diqqətə çatdırmış, iştirakçıların mövzu ilə bağlı çoxsaylı suallarını ətraflı cavablandırmışdır.
Sonda qeyd olunmuşdur ki, Beynəlxalq Əməkdaşlıq Sektorunun bu layihəsi elmi dialoqların mərkəzi olmaqla yanaşı, gənc alimlərin xarici tərəfdaşlarla birgə qlobal layihələrdə iştirak imkanlarını maksimum dərəcədə genişləndirəcəkdir. Tədbir iştirakçıların böyük marağı və mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşmışdır.









