İyn 25, 2026 | 19:53 / Konfranslar, iclaslar
25 iyun 2026-cı il tarixində Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AR Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda elmi seminar keçirilmişdir. Seminarda institutun əməkdaşları, doktorant və dissertantlar, eləcə də gənc tədqiqatçılar iştirak etmişdir.
Seminarı İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri və Gənclər Akademiyasının Rəqəmsal Mobillik Mərkəzinin təmsilçisi, k.ü.f.d. Günel Əzimova açaraq bidirdi ki, “Gənc tədqiqatçılarımızı tanıyaq” layihəsinə bu gün start verilir. Nəzərdə tutulmuşdur ki, layihə çərçivəsində hər ay gənc tədqiqatçıların iştirakıyla seminarlar təşkil olunsun və bu seminarlarda doktorantlar elmi nəticələri ilə bağlı məruzələr etsinlər. Belə seminarların gənc tədqiqatçıların peşəkar inkişafında, elmi bilik və təcrübə mübadiləsinin genişləndirilməsində mühüm rol oynadığını vurğulamışdır.
Sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvü, doktorant Albina Poladova “Argirodit tipli birləşmələr əsasında yüksək entropiyalı xəlitələr: faza tarazlıqları və sintez strategiyaları” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə argirodit tipli xalkogenid birləşmələrinin kristalokimyəvi xüsusiyyətləri, yüksək entropiyalı materiallar konsepsiyasının nəzəri əsasları və bu sahədə dünyada aparılan müasir elmi tədqiqatların əsas istiqamətləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, məruzəçi bu sahədə apardığı tədqiqat işləri və əldə etdiyi elmi nəticələri seminar iştirakçiları ilə bölüşdü.
Təqdimatın sonunda iştirakçılarla mövzu ətrafında geniş müzakirələr aparılmış, təqdim olunan elmi nəticələr, onların praktiki əhəmiyyəti və gələcək tədqiqat perspektivləri ilə bağlı suallar cavablandırılmışdır.
Qeyd edək ki, bu kimi elmi seminarların keçirilməsində əsas məqsəd institutun gənc tədqiqatçıları arasında elmi ünsiyyət və əməkdaşlıq mühitinin gücləndirilməsi, onların elmi nəticələrinin təqdimatı və müzakirəsi üçün əlverişli platformanın yaradılması, elmi natiqlik bacarıqlarının inkişaf etdirilməsi, auditoriya qarşısında çıxış təcrübəsinin artırılması və elmi diskussiya mədəniyyətinin formalaşdırılmasıdır. Eyni zamanda, seminarlar doktorant və dissertantların dissertasiya müdafiəsinə hazırlıq prosesinə dəstək göstərmək, onların təqdimat və elmi müzakirə vərdişlərini təkmilləşdirmək, elmi fəaliyyət zamanı qarşılaşa biləcəkləri psixoloji gərginliyin azaldılmasına töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu təşəbbüs çərçivəsində belə analoji seminarların gələcəkdə də silsilə olaraq təşkili nəzərdə tutulur.









