Xəbərlər
Foto
Elm və sənayenin inkişafı naminə yeni əməkdaşlıq: üç qurum arasında memorandum imzalandı
İyn 25, 2026 | 20:26 / Mühüm hadisələr
Oxunub 27 dəfə

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidenti olan “ETN Təcrübə-Sənaye Zavodu” MMC ilə Kimya İnstitutu və Fizika İnstitutu arasında innovativ və tətbiqi tədqiqatların birgə həyata keçirilməsinə dair əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilib.

Görüşdə Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev, Fizika İnstitutunun direktoru vəzifəsini icra edən professor Elçin Hüseynov, “ETN Təcrübə-Sənaye Zavodu”nun baş direktoru kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov, eləcə də hər üç qurumun əməkdaşları iştirak ediblər.

Tədbirin əsas məqsədi elmi-tədqiqat və innovasiya sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi, tətbiqi tədqiqatların birgə həyata keçirilməsi imkanlarının dəyərləndirilməsi, elmi nəticələrin istehsalata transferi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsinin aparılması olub.

Görüş çərçivəsində iştirakçılar əvvəlcə Təcrübə-Sənaye Zavodunun ərazisi, Elmi-Tədqiqat Sınaq Laboratoriyası və istehsal sahəsi ilə tanış olublar. Həmçinin Fizika İnstitutunun “Qamma Şüalandırma Kompleksi”nə baxış keçirilib.

Tədbirdə çıxış edən Səxavət Rüstəmov müəssisənin Yüksək Texnologiyalar Parkının ilk rezidentlərindən biri olduğunu qeyd edərək bildirib ki, zavod ölkədə neft-kimya sahəsində innovativ sınaq və tətbiqi tədqiqatların aparıldığı ilk və yeganə ixtisaslaşmış müəssisədir. O, müəssisənin fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-tədqiqat layihələri, pilot istehsal imkanları, laborator analiz və keyfiyyətə nəzarət xidmətləri, eləcə də sənaye müəssisələri ilə əməkdaşlıq sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Çıxışlar zamanı elmi potensialın istehsalat imkanları ilə birləşdirilməsinin, innovativ texnologiyaların hazırlanaraq sənayeyə tətbiqinin və yüksəkixtisaslı kadr hazırlığının əhəmiyyəti vurğulanıb. Tərəflər birgə elmi layihələrin həyata keçirilməsi və əldə olunan nəticələrin kommersiyalaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda “ETN Təcrübə-Sənaye Zavodu” MMC, Kimya İnstitutu və Fizika İnstitutu arasında elmi-tədqiqat fəaliyyəti üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər elmi-tədqiqat fəaliyyətinin birgə təşkili və təkmilləşdirilməsi, ortaq layihələrin həyata keçirilməsi, yüksəkixtisaslı kadr hazırlığının dəstəklənməsi, innovativ həllərin hazırlanması və elmi nəticələrin istehsalata transferi istiqamətlərində əməkdaşlıq edəcəklər. İmzalanan sənəd elm və sənaye arasında əlaqələrin daha da möhkəmləndirilməsi, innovasiya ekosisteminin inkişafı və ölkənin elmi-texnoloji potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

azertag.az

JURNALLAR
Faydalı linklər