Xəbərlər
Foto
Kimya İnstitutunda elmi resurslardan istifadə və akademik yazı üzrə təlim təşkil olunub
İyl 03, 2026 | 14:48 / Konfranslar, iclaslar
Oxunub 108 dəfə

 

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun təşkilatçılığı, Bakı Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində "Akademik tədqiqatlarda elmi resurslardan istifadə və dayanıqlı inkişaf məqsədlərinə uyğun elmi məqalələrin yazılması" mövzusunda təlim keçirilib.
Görüşün əsas məqsədi elmi işçilərin, gənc tədqiqatçıların və doktorantların beynəlxalq elmi informasiya resurslarından səmərəli istifadə bacarıqlarının artırılması və beynəlxalq standartlara uyğun elmi məqalələrin hazırlanması sahəsində biliklərinin təkmilləşdirilməsi olub. Eyni zamanda, təlim çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə uyğun elmi tədqiqatların aparılması istiqamətində iştirakçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi hədəflənib.
Tədbirin açılışında çıxış edən Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev belə maarifləndirici təlimlərin alimlərin peşəkar inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, beynəlxalq elmi bazalardan düzgün istifadə, nüfuzlu elmi jurnallarda dərc olunan məqalələrin sayının artırılması və tədqiqatların keyfiyyətinin yüksəldilməsi müasir elmi fəaliyyətin əsas prioritetlərindəndir. Professor Əfsun Sucayev bu istiqamətdə universitet–elmi müəssisə əməkdaşlığının daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bakı Dövlət Universitetinin keyfiyyət təminatı üzrə rektor müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru dosent Asiman İlyasov akademik nəşrlər sahəsində beynəlxalq təcrübə, elmi resurslardan səmərəli istifadə və elmi məqalələrin hazırlanması ilə bağlı təqdimatla çıxış edib.
O, keyfiyyətli elmi məqalənin hazırlanmasının əsas prinsipləri, tədqiqat mövzusunun düzgün müəyyənləşdirilməsi, nüfuzlu elmi jurnalların seçilməsi və beynəlxalq indeksləmə sistemlərinin tələbləri barədə ətraflı məlumat verib.
Asiman İlyasov Scopus və Web of Science elmi bazalarının xüsusiyyətlərini müqayisəli şəkildə izah edib, onların oxşar və fərqli cəhətlərini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, beynəlxalq universitet reytinqlərinin əksəriyyətində Scopus bazasının göstəricilərindən daha geniş istifadə olunur. Çıxışçı jurnalın elmi nüfuzunu və təsir gücünü qiymətləndirən "Impact Factor" göstəricisinin əhəmiyyətindən bəhs edib.
Təqdimatda multidissiplinar və interdisiplinar tədqiqat yanaşmaları arasındakı fərqlər izah olunub, müxtəlif elm sahələrinin əməkdaşlığına əsaslanan interdisiplinar tədqiqatların müasir elmdə daha geniş imkanlar yaratdığı vurğulanıb. Eyni zamanda, ixtisaslaşmış sahə jurnallarında dərc olunmağın üstünlükləri barədə də məlumat verilib.
Görüşdə süni intellekt alətlərinin elmi tədqiqat prosesində istifadəsinə də toxunulub. Asiman İlyasov bildirib ki, ümumi təyinatlı süni intellekt sistemlərindən istifadə zamanı təqdim olunan istinadların etibarlılığı diqqətlə yoxlanılmalıdır. O, Scopus AI platformasının Scopus bazasında indekslənən elmi mənbələr əsasında işləməsi səbəbindən tədqiqatçılar üçün daha etibarlı imkanlar təqdim etdiyi qeyd edib. O, Elsevier tərəfindən təqdim olunan digər rəqəmsal həllər istiqamətində istifadə olunan platformalar barədə məlumat verib.
Görüş çərçivəsində elmi etika, akademik dürüstlük prinsipləri, plagiatın qarşısının alınması, eləcə də süni intellektdən istifadə edilərək hazırlanan mətnlərin plagiat və orijinallıq baxımından qiymətləndirilməsi məsələləri də müzakirə olunub. İnteraktiv formatda keçirilən görüş iştirakçıların çoxsaylı sualları ətrafında geniş fikir mübadiləsi ilə davam edib.

 

JURNALLAR
Faydalı linklər