Xəbərlər
Foto
Elm və müdafiə sənayesi: Kimya İnstitutunda birgə əməkdaşlıq imkanları dəyərləndirilib
İyl 06, 2026 | 15:19 / Konfranslar, iclaslar
Oxunub 119 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün əsas məqsədi hər iki elmi qurum arasında elmi-tədqiqat sahəsində əməkdaşlığın qurulması, birgə layihələrin həyata keçirilməsi və müdafiə sənayesinin tələbatına uyğun innovativ həllərin hazırlanması istiqamətində fikir mübadiləsi aparmaq olub.

Əvvəlcə Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev qonaqlara institutun elmi fəaliyyəti, prioritet istiqamətləri və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Professor Əfsun Sucayev institutun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, müdafiə qüdrətinin artırılmasına mühüm töhfələr verdiyini vurğulayıb. O qeyd edib ki, institutda müdafiə sənayesinin tələblərinə cavab verən xüsusi təyinatlı yağlar və müxtəlif texniki vasitələr üçün komponentlər hazırlanaraq istehsalata tətbiq edilib. Professor zirehli texnikalarda, o cümlədən tanklarda istifadə olunan xüsusi yağların yaradılması sahəsindəki uğurların Müdafiə Nazirliyində keçirilən sınaqlardan müvəffəqiyyətlə çıxdığını diqqətə çatdırıb.

Əfsun Sucayev laboratoriyaların müasir çağırışlara uyğun şəkildə formalaşdırıldığını qeyd edərək, “Kompozit materiallar və korroziyadan mühafizə” laboratoriyasının müdafiə sahəsindəki innovativ tədqiqatların mərkəzi ola biləcəyini vurğulayıb. Bildirib ki, laboratoriya şəraitində polad məmulatların üzərinə istiyə, deformasiyaya davamlı örtüklər alınıb və bu istiqamətdə nazirlik ilə əməkdaşlıq etməyə hazırdırlar.

Daha sonra çıxış edən Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun direktor müavini Sadiq Mansurov qurumlararası əlaqələrin intensivləşdirilməsinin vacibliyini bildirib. O qeyd edib ki, nazirlik hazırda həm ali təhsil müəssisələri, həm də elmi-tədqiqat institutları ilə sıx əməkdaşlıq formatı formalaşdırır. Sadiq Mansurov kimya sahəsinin müdafiə sənayesinin təməl sütunlarından biri olduğunu vurğulayıb. O, Kimya İnstitutunun elmi potensialı ilə nazirliyin Elmi Tədqiqat İnstitutunun praktiki tələbatlarının birgə səylərinin ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inamını ifadə edib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələrlə davam edib. Tərəflər gələcəkdə birgə tədqiqat qruplarının yaradılması və elmi innovasiyaların sənayedə tətbiqi istiqamətində konkret addımların atılması barədə razılığa gəliblər. Əməkdaşlıq fəaliyyətinin davamı olaraq növbəti görüşün Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunda keçirilməsi qərara alınıb.

JURNALLAR
Faydalı linklər