İyl 08, 2026 | 13:07 / Mühüm hadisələr
Kimya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, “Şöhrət” ordenli, Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun baş elmi işçisi, akademik Əjdər Əkbər oğlu Məcidov 2026-cı il iyulun 8-də 88 yaşında vəfat edib.
Əjdər Məcidov 1938-ci il martın 6-da Bakı şəhərinin Sabunçu qəsəbəsində anadan olub. 1941-ci ildə ailəsi atasının neftçi-mütəxəssis kimi “İkinci Bakı” rayonuna ezam olunması ilə əlaqədar olaraq Kuybışev vilayətinin Poxvistnev şəhərinə köçüb və orada orta təhsilini almağa başlayıb. 1950-ci ildə ailə yenidən Bakıya qayıtdıqdan sonra təhsilini davam etdirib. 1955-ci ildə orta təhsilini Bakıda bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub və 1960-cı ildə həmin fakültəni bitirib. Əmək fəaliyyətinə universiteti bitirməzdən bir il əvvəl, 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının (indiki AMEA) Neft-Kimya Prosesləri İnstitutunda baş laborant, sonra isə baş texnik vəzifəsində başlayıb. Daha sonra Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi, həmçinin Bakı şəhərində yerləşən “Proletariy” zavodunda bir il sex ustası vəzifəsində çalışıb.
1961-ci ildə məqsədli aspiranturaya qəbul olunaraq Azərbaycan SSR Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutuna göndərilib. Aspiranturanı bitirdikdən sonra Oka sahilində yerləşən Puşçino şəhərində Molekulyar Biologiya İnstitutunda, daha sonra Moskva vilayətinin Çernoqolovka şəhərində Kimyəvi Fizika İnstitutunun filialında çalışıb. 1966-cı ildə professor M.B. Neymanın laboratoriyasında işləyərkən “Radikallar və ion-radikalların iştirakı ilə oksidləşmə-reduksiya reaksiyaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçib. Onun təşkil etdiyi fiziki-kimyəvi tədqiqat üsulları laboratoriyasında sintez olunmuş maddələr praktikada tətbiq olunub.
1984-cü ilin aprelində “Paramaqnit liqandlarla metal kompleksləri” mövzusunda kimya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1985-ci ildə professor elmi adı alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.
Əjdər Məcidovun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri stabil radikallar saxlayan paramaqnit liqandlı metal komplekslərinin tədqiqidir. Belə sistemlərin alınması 1960-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda M.B. Neymanın laboratoriyasında nitroksil (nitroksid) radikallarının alınması ilə mümkün olub. Bu sahənin inkişafında professor E.Q. Rozantsev və professor A.L. Buçaçenkonun mühüm rolu olub. Bu işlərdə laboratoriyanın aspirantı kimi Əjdər Məcidov da bilavasitə iştirak edib.
1966-cı ildən başlayaraq 2000-ci ilə qədər paramaqnit liqandlı metal komplekslərinin alınması və xassələrinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılıb. İlk dəfə olaraq tərkibində nitroksil radikalları olan xelat əmələ gətirən liqandlarla kristallik komplekslər əldə edilib.
2,2,5,5-tetrametilpirrolidin və 2,2,6,6-tetrametilpiperidin törəməli Şiff əsasları ilə komplekslər sintez edilib. Bu liqandlarla Cu(II) komplekslərinin EPR spektrləri tədqiq olunub və mübadilə ilə orta hesablanmış spektrlərin əmələ gəlməsi göstərilib.
Rentgen-struktur analiz nəticəsində Cu(II) komplekslərindən birində paramaqnit mərkəzlər – metal ionu ilə radikalın oksigen atomu arasındakı ən kiçik məsafənin təxminən 5,7 Å olduğu müəyyən edilib. EPR və maqnit ölçmələri nitroksil radikallarının cütləşməmiş spinləri arasında antiferromaqnit mübadilə qarşılıqlı təsirinin mövcudluğunu göstərib.
Sonrakı tədqiqatlarda karboksilat, ksantogenat, oksaminat və digər qruplar saxlayan paramaqnit liqandlar sintez edilib. Rentgen-struktur analizə görə bəzi birləşmələrdə 4 nitroksil radikalı olan binüvəli komplekslər əmələ gəlir. Bu komplekslər üçün altıspilli model qurulmuş və spin mərkəzləri arasında elektron mübadilə enerjiləri qiymətləndirilib. Bu, heterospinli metal kompleksləri üçün ilk altıspilli model olub.
Ksantogenat liqandlı komplekslərdə radikal spin ilə metal ionu arasında zəif mübadilə qarşılıqlı təsiri müşahidə edilib. Nitroksilksantogenat və onun kompleksləri flotasiya mexanizminin öyrənilməsi üçün əlverişli model olub.
Tədqiqatlar göstərib ki, N–O• radikal mərkəzi Cu²⁺ ionunun koordinasiya sferasına daxil olduqda onun elektron qəbuletmə qabiliyyəti artır. Bəzi hallarda gözlənilən Cu(L•)₂ kompleksləri əvəzinə Cu₂L₂ tərkibli birləşmələr əmələ gəlir və burada nitroksil qrupu reduksiya olunmuş N–O⁻ formasında körpü rolunu oynayır. Eyni zamanda sterik cəhətdən çətinləşdirilmiş fenollarla metal kompleksləri də tədqiq edilib. EPR üsulu ilə fenoksil radikalların əmələ gəlməsi, elektronların metal ionu üzərinə delokalizasiyası göstərilib. Ni(II) və Zn(II) komplekslərinin polietilenin termo-oksidləşmə destruksiyasını güclü şəkildə inhibə etdiyi müəyyən edilib. Fəza hərəkəti çətinləşdirilmiş fenolların törəmələri olan Şiff əsaslı Cu(II) komplekslərində koordinasiya olunmuş liqandlarda gedən yeni oksidləşdirici C–C qoşulma reaksiyası aşkar edilib. Bu reaksiya fenoksil radikalların əmələ gəlməsi və onların rekombinasiyası yolu ilə baş verir.
Bu sahədə tədqiqatlar hazırda Əjdər Məcidovun yetirməsi Vəli Qasımov tərəfindən Türkiyənin Harran Universitetində uğurla davam etdirilir.
Əjdər Məcidovun digər elmi istiqaməti keçid metalları komplekslərinin reaksiya qabiliyyəti və katalitik aktivliyinin öyrənilməsidir. Bu sahədə onun bilavasitə rəhbərliyi altında:
– diariltriazen komplekslərinin β- və sikloolefinlərin oksidləşməsində effektiv təşəbbüskar olduğu müəyyən edilib;
– Cu(II) diariltriazen komplekslərinin parçalanması EPR üsulu ilə öyrənilib;
– nikel və kobalt oksamatları əsasında olefinlərin (etilen və propilen) oliqomerləşməsi üçün effektiv katalitik sistemlər hazırlanıb.
- kompleks katalizatorların iştirakı ilə 2,6-di-tert-butilfenolların müvafiq difenoxinonlara və bisfenollara oksidləşdirici qoşulma üsulları işlənib hazırlanıb.
Laboratoriyada işlənib hazırlanmış birpilləli heterogen-katalitik üsul praktik baxımdan böyük maraq doğurur. Bu üsul metilfenol və sirkə turşusunun 300–350°C temperaturda güclü Lyuis və Brønsted turşu mərkəzləri olan katalizatorlar üzərində qarşılıqlı təsiri yolu ilə xromon və kumarin törəmələrinin alınmasına imkan verir. Məlum üsullarda isə xromon və kumarin törəmələrinin alınması ən azı beş ardıcıl mərhələni əhatə edir.
Praktik baxımdan mühüm olan digər iş – ikinci dərəcəli polietilenin azot turşusu ilə oksidləşdirilməsi nəticəsində nitrokarbon turşularının alınmasıdır. Son illərdə laboratoriyada Şiff əsaslı metal komplekslərində koordinasiya olunmuş azometin qrupunun reduksiya reaksiyaları və o-hidroksibenzilamin törəməli komplekslərdə benzilamin qrupunun oksidləşdirici dehidrogenləşməsi öyrənilib.
Şiff əsaslı keçid metal komplekslərində azometin qrupunun natrium borhidrid ilə reduksiyası tədqiq edilmişdir. Kinetik tədqiqatlar göstərib ki, reduksiya sürəti metalın periodik sistemdəki sıra nömrəsindən asılıdır: sıra nömrəsi artdıqca reduksiya sürəti azalır. Bu qanunauyğunluq komplekslərin sabitliyinin artması ilə bağlıdır və İrvinq–Uilyams qaydasına uyğundur. Eyni zamanda yeni koordinasiya birləşmələrinin sintezi, quruluşu və xassələrinin öyrənilməsi istiqamətində işlər aparılıb. Bu sahədə aşağıdakılar qeyd oluna bilər:
⎯ Co(III)-Co(II) və Co(III) tipli müxtəlif valentli üçnüvəli kobalt komplekslərinin (β-alanin və o-hidroksiaromatik aldehid törəməli Şiff əsasları ilə) molekulyar və kristal quruluşları öyrənilib. Göstərilib ki, bu komplekslərin əmələ gəlməsi ilkin Co(II) komplekslərinin həllolma qabiliyyətindən və onların Co(III)-ə oksidləşmə qabiliyyətindən asılıdır.
⎯ Co(II) və Ni(II) komplekslərinin N-(2-hidroksibenzil)-aminoantipirinlə kristal və molekulyar quruluşları sintez edilərək tədqiq olunub.
⎯ Cu(II) ionlarının o-hidroksibenzilamin törəmələri ilə qarşılıqlı təsiri nəticəsində əmələ gələn N-(salisilaldimin)-iminoantipirin komplekslərinin quruluşları öyrənilib.
⎯ Pd(II) komplekslərinin N-(2-hidroksibenzil) aminopiridinlə molekulyar və kristal quruluşları tədqiq olunub.
Son onilliklərdə koordinasiya kimyası sahəsində tədqiqatların intensiv artımı müşahidə olunur. Bu, əsasən nanotexnologiyanın inkişafı ilə bağlıdır. Bu sahə molekulyar keçiricilər, rezistorlar, diodlar, fotohəssas elementlər kimi sistemlərin yaradılmasını stimullaşdırır. Bu sistemlər son nəticədə siqnalların qəbul edilməsi, saxlanması və ötürülməsi üçün istifadə olunur. Molekulyar fotonika, elektronika və ionika yeni elm sahəsi – “xemionika”da birləşir.
Molekulyar keçiricilər arasında ən maraqlı olanlar xətti quruluşa malik çoxnüvəli metal kompleksləri – “string” komplekslərdir. Bu istiqamətdə mühüm töhfə laboratoriyanın yetirməsi Rayyət İsmayılov tərəfindən verilib. O, Tayvan Milli Universitetində professor Ş.M. Penqin laboratoriyasında uzun illər tədqiqat aparıb.
Laboratoriyanın digər perspektiv istiqaməti metal nitratlarının hidrotermal reduksiyasıdır. Müəyyən edilib ki, yüksək temperaturda bu reaksiyalar mürəkkəb azotlu birləşmələrin alınmasına imkan verir. Həmçinin göstərilib ki, müxtəlif reduksiyaedicilər iştirakı ilə metal nitratlarından nanotozlar, oksidlər və digər birləşmələr almaq mümkündür. Bu üsul yanacaq elementləri üçün elektrodların və ferromaqnit materialların alınmasında tətbiq oluna bilər.
Əjdər Məcidovun elmi işləri bir çox nüfuzlu alimlər tərəfindən geniş şəkildə sitat gətirilib.
Onun rəhbərliyi altında 30 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunub.
1994-cü ildə “Soros” Elm Fondunun qrant layihəsinə rəhbərlik etmişdir. 2014-2016-cı illərdə “SOCAR” Elm Fondunun qrantı (№ 007) rəhbəri olub.
1992-1994-ci illərdə İstanbuldakı Marmara Universitetində fəaliyyət göstərib. 1995-1998-ci illərdə dəfələrlə Mərmərə Universitetində ezamiyyətdə olub.
400-dən artıq elmi əsərin və 27 müəlliflik şəhadətnaməsinin müəllifidir. 1979-cu ildə SSRİ Kimya Sənayesi Nazirliyinin fəxri fərmanı, 1986-cı ildə “Əməkdə fərqlənməyə görə” medalı, Azərbaycan EA-nın fəxri fərmanı və 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Əjdər Məcidov zəngin elmi irsi, yüksək ziyalılığı, prinsipiallığı və insanpərvərliyi ilə həmkarlarının, tələbələrinin və onu tanıyan hər kəsin dərin hörmətini qazanıb. Onun əziz xatirəsi Azərbaycan elmi ictimaiyyətinin yaddaşında daim yaşayacaq.
Kimya İnstitutunun kollektivi adından Əjdər Məcidovun vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, yaxınlarına, həmkarlarına və bütün elmi ictimaiyyətə dərin hüznlə başsağlığı veririk.









