Xəbərlər
Foto
Fizika İnstitutu və Kimya İnstitutu arasında birgə elmi layihələr və qrant imkanları müzakirə olunub
İyl 09, 2026 | 16:29 / Konfranslar, iclaslar
Oxunub 84 dəfə

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu ilə Kimya İnstitutu arasında imzalanmış birgə elmi tədqiqatların aparılması və yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində əməkdaşlıq memorandumunun icrası çərçivəsində institutların beynəlxalq əməkdaşlıq sektorlarının nümayəndələrinin işçi görüşü keçirilib.

Görüşün əsas məqsədi iki elmi müəssisə arasında beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi, ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və gələcək birgə təşəbbüslərin koordinasiyası olub. Müzakirələr zamanı beynəlxalq elmi tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, birgə elmi layihələrin hazırlanması, beynəlxalq və yerli qrant proqramlarında ortaq iştirak imkanları, elmi konfrans, seminar və forumların təşkili, eləcə də tədqiqatçıların təcrübə mübadiləsi və akademik mobilliyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, əməkdaşlıq memorandumu hər iki institutun elmi potensialının birləşdirilməsi, multidissiplinar tədqiqatların inkişaf etdirilməsi və beynəlxalq elmi mühitə inteqrasiyanın sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sənəd elmi bilik və təcrübənin paylaşılmasına, innovativ tədqiqat istiqamətlərinin formalaşdırılmasına, həmçinin beynəlxalq maliyyə resurslarına çıxış imkanlarının artırılmasına xidmət edir.

Memorandumun praktiki icrası istiqamətində görülən tədbirlər çərçivəsində Fizika İnstitutunda “Strateji məqsədlərə nail olmanın yol xəritəsi, elmi qrant və fond resursları haqqında məlumat” mövzusunda təlim-seminar da təşkil edilib. Tədbirdə iştirakçılara strateji planlaşdırmanın əsas prinsipləri, elmi fəaliyyətin prioritet istiqamətləri, beynəlxalq və yerli qrant proqramlarına müraciət qaydaları, layihələrin hazırlanması və maliyyələşdirmə imkanları barədə ətraflı məlumat təqdim olunub.

Seminar zamanı elmi qrantlardan səmərəli istifadə mexanizmləri, uğurlu layihələrin hazırlanması üzrə praktik tövsiyələr, eləcə də beynəlxalq fondlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud imkanlar müzakirə edilib. İştirakçıların sualları cavablandırılıb, gələcəkdə bu istiqamətdə birgə təlimlərin və məlumatlandırıcı tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Hər iki institut arasında əməkdaşlığın bundan sonra da ardıcıl şəkildə inkişaf etdirilməsi, birgə elmi təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq layihələrdə fəal iştirakın təmin olunması istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

JURNALLAR
Faydalı linklər