Xəbərlər
Foto
Kimya İnstitutunda süni intellektin kimya və kemoinformatikada tətbiqinə həsr olunan seminar keçirilib
İyl 10, 2026 | 16:29 / Konfranslar, iclaslar
Oxunub 89 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mütəxəssislərinin iştirakı ilə “Kimya və kemoinformatikada süni intellektin tətbiqi” mövzusunda elmi seminar keçirilib.

Kimya və Fizika institutlarının tədqiqatçılarının iştirakı ilə keçirilən seminar institutun Beynəlxalq əməkdaşlıq sektorunun təşkilatçılığı ilə baş tutub. Tədbir müasir elmin prioritet istiqamətlərindən biri hesab olunan süni intellekt texnologiyalarının kimya, kemoinformatika, bioinformatika, farmakologiya və materialşünaslıq sahələrində tətbiqinə həsr olunub.
Seminarı giriş sözü ilə açan institutun “Keçid metal birləşmələri əsasında funksional materiallar” laboratoriyasının müdiri, dosent Faiq Məmmədov bildirib ki, Kimya İnstitutu ilə ADNSU arasında geniş əlaqələr mövcuddur və bu əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. O vurğulayıb ki, süni intellekt və kompüter kimyası müasir elmi tədqiqatların ayrılmaz istiqamətlərindən birinə çevrilib. Alim qeyd edib ki, bu sahədə biliklərin artırılması xüsusilə gənc tədqiqatçıların elmi potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Faiq Məmmədov seminarın iştirakçılar üçün faydalı elmi müzakirə platforması olacağına əminliyini ifadə edib.
ADNSU-nun Elm departamentinin nəzdində fəaliyyət göstərən Elmi analitika və qiymətləndirmə şöbəsinin müdiri Valeh Cəfərov çıxışında universitetin keçmiş Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Aşqarlar Kimyası İnstitutu ilə uzunmüddətli və səmərəli əməkdaşlıq təcrübəsinə malik olduğunu xatırladıb. O, Kimya İnstitutu ilə də elmi əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını və qarşıdakı dövrdə birgə layihələrin həyata keçiriləcəyinə inandığını bildirib.
Seminarda daha sonra kompüter elmləri üzrə fəlsəfə doktoru, ADNSU-nun nəzdində Süni İntellekt İnstitutunun layihə rəhbəri Yusif İbrahimov, kimya elmləri üzrə fəlsəfə doktoru, ADNSU-nun Elm departamentinin nəzdində Kemoinformatika və Hesablama Kimyası Tədqiqat Qrupunun rəhbəri Fərəh Əsgərxanova, həmçinin sistemli analiz, informasiyanın emalı və idarəetmə ixtisası üzrə fəlsəfə doktoru, dosent, ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Nigar İsmayılova “Təbiət elmlərində süni intellektin istifadəsi” mövzusunda məruzələrlə çıxış ediblər. 
Məruzələrdə süni intellektin bioinformatika, tibb, kimya, fizika və kemoinformatika sahələrində tətbiq imkanları, ənənəvi kimya metodlarının rəqəmsal texnologiyalarla inteqrasiyası, dərman dizaynı, yeni funksional materialların hazırlanması, eləcə də böyük həcmli kimyəvi verilənlərin emalı və təhlili istiqamətində müasir yanaşmalar təqdim olunub. Eyni zamanda, bu texnologiyaların elmi tədqiqatların sürətləndirilməsi, nəticələrin dəqiqliyinin artırılması və innovativ həllərin hazırlanmasındakı rolu ətrafında fikir mübadiləsi aparılıb.
Məruzələrdən sonra Fizika İnstitutunun Beynəlxalq Əməkdaşlıq Sektorunun baş mütəxəssisi Rüstəm Rüstəmov çıxışında belə elmi seminarların müxtəlif elmi müəssisələr və ali təhsil ocaqları arasında əməkdaşlığın genişlənməsinə, bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib. O, süni intellekt texnologiyalarının təbiət elmlərində tətbiqi ilə bağlı birgə təşəbbüslərin və multidissiplinar tədqiqatların gələcəkdə daha uğurlu elmi nəticələrin əldə olunmasına şərait yaradacağına əminliyini ifadə edib.  
Seminar iştirakçıların sualları, geniş elmi müzakirələr və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

 

JURNALLAR
Faydalı linklər