İyl 14, 2026 | 14:45 / Mühüm hadisələr
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun böyük elmi işçisi və dissertantı Samirə Süleymanova Fransanın Puatye şəhərində keçirilən “Yaşıl Kataliz üzrə I Beynəlxalq Yay Məktəbi” (“1st Summer School on Green Catalysis”) beynəlxalq yay məktəbində iştirak edib.
O, Yay məktəbi çərçivəsində “Tərkibində dəmir olan alüminium əsaslı katalizatorların iştirakı ilə ultrasəs təsiri altında fenolun hidrogen peroksidlə dihidroksibenzollara maye fazalı hidroksilləşdirilməsi: kolloid - kimyəvi xüsusiyyətlər, deaktivləşmə və Lyapunov sabitliyi” mövzusunda poster məruzəsi ilə çıxış edib.
Yay məktəbi zamanı Puatye Kimya İnstitutunun Materiallar və Təbii Ehtiyatlar üzrə Tədqiqat Mərkəzinə təşkil olunmuş elmi səfər iştirakçılara yaşıl kataliz sahəsində aparılan müasir akademik tədqiqatlarla yaxından tanış olmaq imkanı yaradıb. Səfər çərçivəsində iştirakçılar əldə olunan elmi nəticələrin praktiki tətbiqi, eləcə də innovativ texnologiyaların inkişaf istiqamətləri haqqında ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, Samirə Süleymanova beynəlxalq yay məktəbində iştirakı Kral Kimya Cəmiyyətinin elan etdiyi “Tədqiqatçıların İnkişafı və Səfər Qrantı” çərçivəsində baş tutub.









