Xəbərlər
Foto
Kimya İnstitutu və İstanbul Universiteti strateji inkişaf üzrə təcrübə mübadiləsinə başlayır
İyl 15, 2026 | 16:48 / Konfranslar, iclaslar
Oxunub 57 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə İstanbul Universiteti arasında “Strateji inkişaf və beynəlxalq universitet təcrübəsi” mövzusunda onlayn görüş keçirilib.

İnstitutun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun təşkilatçılığı ilə baş tutan görüşün məqsədi universitetlərin strateji idarəetmə yanaşmaları, inkişaf istiqamətləri və beynəlxalq təcrübə əsasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparmaq olub.

Açılış nitqi ilə çıxış edən Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev institutun beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiqinə xüsusi önəm verdiyini bildirib. O qeyd edib ki, Türkiyə universitetlərinin uğurlu idarəetmə modelləri və strateji inkişaf təcrübəsi Kimya İnstitutu üçün maraq doğurur. Professor vurğulayıb ki, strateji planlaşdırma institutun fəaliyyətinin daha səmərəli təşkili, elmi potensialın gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova İstanbul Universiteti ilə əməkdaşlığın institut üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, strateji inkişaf istiqamətində sektor və institutun struktur bölmələri arasında sıx əməkdaşlıq qurulacaq. Qeyd edib ki, beynəlxalq universitet təcrübəsinin öyrənilməsi gələcək fəaliyyətin təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

İstanbul Universitetinin müəllimi, dosent Ali Özgür Karagül universitetdə strateji inkişaf və keyfiyyət təminatı sahəsində tətbiq olunan yanaşmalar barədə məlumat verib. O qeyd edib ki, İstanbul Universiteti bu istiqamətdə Böyük Britaniya və Amerika universitetlərinin qabaqcıl təcrübələrindən faydalanır. Bildirib ki, beynəlxalq əməkdaşlıq ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynayır. Dosent Karagül iki qurum arasında bilik və təcrübə mübadiləsinin gələcək əməkdaşlıq üçün faydalı nəticələr verəcəyini vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələrlə davam edib. Tərəflər bu görüşün uzunmüddətli əməkdaşlığın başlanğıcı olduğunu qeyd edərək, növbəti görüşlərin əyani formatda keçirilməsi barədə razılığa gəliblər.

 

JURNALLAR
Faydalı linklər