İyl 16, 2026 | 08:10 / Nəşrlər
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının əməkdaşları Elmira Əliyeva, Nərgiz Rəhimli və Nizami Zeynalovun elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub. “Qummiarabik–akrilamid hidrogelinin sintez və xassələrinə APS və AIBN insiatorlarının müqayisəli təhlili” adlı məqalə “Scopus” və “Web of Science” bazalarında indekslənən “Beynəlxalq Biologiya və Kimya” (IJBCh) jurnalında yayımlanıb.
Tədqiqatda dərman daşıyıcı sistemlərində istifadə üçün nəzərdə tutulan pH-həssas qummiarabik–akrilamid (GA-g-AM) hidrogellərinin alınmasına insiatorun kimyəvi təbiətinin təsiri araşdırılıb. Bu məqsədlə ammonium persulfat (APS) və azobisisobutironitril (AIBN) eyni sintez şəraitində müqayisə edilib. FTIR, SEM və XRD analizlərinin nəticələri uğurlu kopolimerləşməni təsdiqləyib və hidrogellərin strukturunda yaranan fərqləri göstərib. Bundan əlavə, hidrogellərin şişmə xüsusiyyətləri də qiymətləndirilib. Araşdırmanın nəticələri APS-in qummiarabik əsaslı hidrogellərdə daha nizamlı və kompakt şəbəkə quruluşunun formalaşmasına daha çox töhfə verdiyini göstərib.
Qeyd edək ki, Əl-Fərabi adına Qazax Milli Universitetinin nəşri olan “Beynəlxalq Biologiya və Kimya” jurnalı “Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarında indekslənən, impakt faktoru 0.7 olan Q4 kateqoriyalı beynəlxalq elmi jurnaldır. Kimya və biologiya sahələri üzrə nəzəri və tətbiqi tədqiqatları əhatə edən jurnalın məqalə qəbul göstəricisi 25 faizdir.









