İyl 22, 2026 | 15:49 / Görüşlər
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək, cəmiyyətin düzgün məlumatlandırılmasında və elmin təbliğində medianın mühüm rol oynadığını vurğulayıb.
Professor Əfsun Sucayev institutun elmi fəaliyyət istiqamətləri, həyata keçirilən tədqiqatlar və əldə olunan nəticələr barədə məlumat verib. O, elmi tədqiqat institutları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Professor institutun sənaye və digər müəssisələrlə əməkdaşlığın inkişafı istiqamətində mütəmadi görüşlər keçirdiyini diqqətə çatdırıb.
Direktor həmçinin Elm və Təhsil Nazirliyinin elm və innovasiya sahəsində müəyyən etdiyi prioritetlərin, tapşırıq və tövsiyələrin institutun fəaliyyətində əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.
Görüş zamanı elmi fəaliyyətin ictimaiyyətə çatdırılmasında medianın, xüsusilə elm və təhsil sahəsində ixtisaslaşmış jurnalistlərin rolu ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, süni intellekt texnologiyalarının media sahəsinə təsiri, bu sahədə yaranan yeni imkanlar və çağırışlar müzakirə olunub.
Sonda Kimya İnstitutu ilə səmərəli əməkdaşlığa və elmi fəaliyyətin işıqlandırılmasına verdikləri töhfəyə görə bir qrup media nümayəndəsinə təşəkkürnamələr təqdim edilib.









