Xəbərlər
Foto
Kimya İnstitutunda strateji məqsədli innovativ tədqiqatlar aparılan bəzi laboratoriyalarla görüş keçirilib
İyl 24, 2026 | 16:16 / Görüşlər
Oxunub 84 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektoru və Beynəlxalq əməkdaşlıq sektorunun rəhbərliyi zərif üzvi sintez və neft kimya istiqamətində fundamental və innovativ elmi tədqiqat aparan laboratoriya əməkdaşları ilə görüş keçiriblər.

Tədbir çərçivəsində əvvəlcə “Mühafizəedici və inhibitor xassəli üzvi birləşmələr” laboratoriyasının müdiri, akademik Vaqif Fərzəliyev xüsusən indiyə qədər aşaqarlar kimyası istiqamətində həyata keçirilən elmi-tədqiqat fəaliyyəti, inkişaf perspektivləri və qarşıda duran prioritet hədəflər barədə danışıb.

Gənc alim və mütəxəssislərlə görüşdə Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova elmi fəaliyyətin dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, beynəlxalq elmi konfranslarda iştirak imkanları, eləcə də elmi məqalələrin nüfuzlu elmi jurnallara təqdim edilməsi və dərc olunması ilə bağlı vacib məqamlara toxunub, institutda optimallaşdırma prosesindən sonra görülən işlər, həyata keçirilən islahatlar və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı Araz Dövlətov isə əməkdaşları COMSTECH təşkilatının beynəlxalq proqram və layihələrində fəal iştirak etməyə çağırıb. O bildirib ki, bu imkanlar beynəlxalq təcrübənin artırılmasına, müxtəlif layihələrə qoşulmağa və elmi ideyaların həyata keçirilməsinə töhfə verir. Həmçinin qeyd edib ki, Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektoru ilə birlikdə Beynəlxalq əməkdaşlıq sektoru institut əməkdaşlarının beynəlxalq elmi fəaliyyətə cəlb edilməsi, yeni tərəfdaşlıqların qurulması və əməkdaşlıq imkanlarının genişləndirilməsini, İnstitutun strateji inkişafını əhatə edən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirirlər.

Görüş çərçivəsində mövcud problemlər ətrafında fikir mübadiləsi aparılıb, laboratoriya əməkdaşlarının təklif və rəyləri dinlənilib.

Daha sonra strateji məqsədli innovativ tədqiqatlar aparılan bəzi laboratoriyaların iş prinsipləri ilə yaxından tanış olublar.

JURNALLAR
Faydalı linklər