İyl 27, 2026 | 10:08 / Maraqlı məlumatlar
Avstraliya alimləri dünyanın ən böyük mərcan ekosistemi olan Böyük Sədd Rifində apardıqları son tədqiqat zamanı elm üçün indiyədək məlum olmayan 500-dən çox bakteriya növü aşkarlayıblar. Mütəxəssislər bu nəticəni dəniz biologiyası və mikrobiologiya sahəsində son illərin ən mühüm elmi nailiyyətlərindən biri kimi qiymətləndirirlər.
Bu barədə Böyük Britaniyada nəşr olunan nüfuzlu "Qardian" qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, tədqiqat Kvinslend Universiteti və Avstraliya Dəniz Elmləri İnstitutunun (AIMS) alimləri tərəfindən həyata keçirilib. Araşdırma zamanı Böyük Sədd Rifinin 48 müxtəlif nöqtəsindən götürülmüş nümunələr müasir genom analizləri ilə tədqiq olunub və nəticədə elmə əvvəllər məlum olmayan 500-dən çox bakteriya növü, həmçinin 360 mindən artıq virus müəyyən edilib.
Alimlərin fikrincə, yeni aşkarlanan mikroorqanizmlər mərcan riflərinin sağlamlığının qorunmasında, okean ekosistemində qida dövranının təmin edilməsində və iqlim dəyişikliklərinin təsirlərinin qiymətləndirilməsində mühüm rol oynayır. Onların öyrənilməsi gələcəkdə dəniz ekosistemlərinin qorunmasına, həmçinin biotexnologiya və farmakologiyada yeni preparatların hazırlanmasına mühüm töhfə verə bilər.
Mütəxəssislər bildirirlər ki, son illərdə genom texnologiyalarının inkişafı sayəsində okeanların indiyədək öyrənilməmiş mikrobioloji aləmini daha dərindən araşdırmaq mümkün olub. Bu isə dəniz biomüxtəlifliyinin qorunması və qlobal iqlim dəyişikliklərinin nəticələrinin öyrənilməsi baxımından yeni imkanlar açır.
Elmi ictimaiyyət sözügedən araşdırmanı okeanların "görünməyən həyatının xəritəsinin" hazırlanması istiqamətində mühüm addım kimi qiymətləndirir. Alimlər hesab edirlər ki, yaxın illərdə aparılacaq oxşar tədqiqatlar nəticəsində minlərlə yeni mikroorqanizm növünün aşkarlanması mümkün olacaq.
N.Adilqızı









