Xəbərlər
Foto
Kimya İnstitutu Serbiyada keçirilən elmmetriya üzrə beynəlxalq təlimdə təmsil olunub
İyl 29, 2026 | 11:10 / Konfranslar, iclaslar
Oxunub 159 dəfə

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Clarivate” şirkətinin birgə təşkilatçılığı ilə Serbiyanın paytaxtı Belqradda “Elmmetriya üzrə Sertifikasiya Proqramı” keçirilib. Beş gün davam edən proqramda Azərbaycanın müxtəlif ali təhsil müəssisələrini və elmi-tədqiqat institutlarını təmsil edən, elmmetriya istiqaməti üzrə fəaliyyət göstərən 18 mütəxəssis iştirak edib.

Beynəlxalq təlimdə Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunu Beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Natiq Salahov təmsil edib. O bildirib ki, intensiv sertifikasiya proqramı institutun beynəlxalq elmi mühitə inteqrasiyası və kimya sahəsində aparılan tədqiqatların “Web of Science” kimi nüfuzlu elmi bazalarda düzgün təhlili baxımından mühüm əhəmiyyət daşıyır. Natiq Salahovun sözlərinə görə, proqram çərçivəsində əldə olunan bilik və bacarıqlar institut əməkdaşlarının elmi nəşr fəallığının artırılmasına, eləcə də institutun beynəlxalq akademik göstəricilərinin yüksəldilməsinə töhfə verəcək.
Proqram çərçivəsində iştirakçılara beynəlxalq elmi kommunikasiya, elmmetrik təhlil, elmi fəaliyyətin monitorinqi və elmi müəssisələrin akademik göstəricilərinin qiymətləndirilməsi istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunub.
Təlimlər zamanı “Web of Science”, “InCites”, “Journal Citation Reports”, “EndNote”, “ProQuest Central”, “Research Horizon Navigator” və “Research Assistant” platforma və alətlərinin elmi fəaliyyətin qiymətləndirilməsi, eləcə də elmmetrik təhlillərin aparılmasında tətbiqi izah edilib. İştirakçılar hər bir mövzu üzrə praktiki tapşırıqları yerinə yetirmək imkanı əldə ediblər.
Proqramın sonunda iştirakçılara “Clarivate” şirkəti tərəfindən beynəlxalq sertifikatlar təqdim olunub.

 

 

JURNALLAR
Faydalı linklər