İyl 29, 2026 | 13:51 / Mühüm hadisələr
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun aparıcı elmi işçisi, dosent Sevil Cəfərova Şuşada keçirilən IV Beynəlxalq Elmi Tədqiqatlar Konfransında iştirak edib.
Konfrans İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi-Tədqiqat İnstitutu, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, İ.Razzakov adına Qırğızıstan Dövlət Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu və İKSAD İnstitutunun birgə təşkilatçılığı ilə hibrid formatda keçirilib.
Konfrans çərçivəsində dosent Sevil Cəfərova “Dairəvi iqtisadiyyat prinsipləri əsasında qırmızı şlamın dəyərləndirilməsi” (“Circular Economy Approach for Red Mud Valorization”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə davamlı inkişafın təmin olunması üçün resurslardan səmərəli istifadə, tullantıların minimuma endirilməsi və sənaye yan məhsullarının təkrar dəyərləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tədqiqat çərçivəsində alüminium sənayesinin əsas tullantılarından olan qırmızı şlamın SO₂ və H₂S qazlarının təmizlənməsi üçün katalitik və adsorbsiya materiallarının sintezində uğurla tətbiq olunduğu, əldə edilən nəticələrin isə bu tullantının qiymətli ikinci dərəcəli xammal kimi istifadəsinin mümkünlüyünü və dairəvi iqtisadiyyat prinsiplərinə uyğunluğunu təsdiq etdiyi qeyd edilib.
Konfransda müxtəlif ölkələrdən alim və tədqiqatçılar iştirak edərək elmi tədqiqatların nəticələrini təqdim edib, aktual elmi mövzular ətrafında müzakirələr aparıblar.
Dosent Sevil Cəfərova beynəlxalq konfransda fəal iştirakına və məruzəsinə görə sertifikat ilə təltif olunub.









