İyl 29, 2026 | 16:58 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə hər ay keçirilən “Gənc tədqiqatçılarımızı tanıyaq” adlı elmi seminarlar silsiləsi davam edir.
Layihə çərçivəsində təşkil olunan növbəti seminar institutun doktorantı, kimya mühəndisi Rahib Qasımovun təqdimatında “Yüksək qələvili alkilfenolyat aşqarlarının rasional sintezi və optimallaşdırılması: elmi yanaşma və əldə edilmiş nəticələr” mövzusuna həsr olunub.
Seminarı giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova layihə barədə məlumat verib. O bildirib ki, əsas məqsəd gənc tədqiqatçıların elmi fəaliyyətinin tanıdılması, onlar arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviq edilməsidir.
Daha sonra Rahib Qasımov tədqiqatının metodologiyası və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. O bildirib ki, avtomobil sənayesində mühərrik texnologiyalarının inkişafı və ekoloji standartların sərtləşdirilməsi mühərrik yağlarına və onların tərkibində istifadə olunan aşqarlara yeni tələblər yaradır. Tədqiqat yüksək qələvili alkilfenolyat əsaslı yuyucu-dispersedici aşqarların sintezinin optimallaşdırılmasına həsr olunub. Məruzəçi qeyd edib ki, kompüter kimyası metodlarının tətbiqi laboratoriya təcrübələrinin sayını azaltmağa və daha səmərəli nəticələr əldə etməyə imkan verir. Doktorant mühərrik yağlarının əsas funksiyaları, onların tərkibində istifadə olunan aşqarların rolu və yüksək qələvili alkilfenolyat əsaslı yuyucu-dispersedici aşqarların sintez üsulları barədə ətraflı məlumat verib. O, aşqarların sintezi zamanı qarşıya çıxan əsas problemləri təhlil edərək, bu çətinliklərin aradan qaldırılması üçün tətbiq olunan elmi yanaşmaları təqdim edib. Rahib Qasımov qeyd edib ki, işlənib hazırlanan metodoloji yanaşmalar təkcə aşqarların sintezinə deyil, ümumilikdə müxtəlif kimyəvi sintez proseslərinə də tətbiq oluna bilər.
Seminar iştirakçıların mövzu ilə bağlı suallarının cavablandırılması və elmi müzakirələrlə başa çatıb.









