Avg 05, 2026 | 18:06 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Fiziki-Üzvi Kimya İnstitutu arasında onlayn görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Kimya İnstitutunun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev Belarusun Azərbaycanın strateji tərəfdaşı və dost ölkəsi olduğunu vurğulayaraq, institutun Belarusun elmi müəssisələri ilə əməkdaşlığının inkişafına xüsusi önəm verdiyini bildirib. Təmsil etdiyi elmi -tədqiqat müəssisəsinin fəaliyyəti barədə məlumat verən Əfsun Sucayev qeyd edib ki, institutda hidrogen energetikası, funksional və kompozit materiallar, bioüzvi kimya və digər müasir istiqamətlər üzrə yeni elmi proqramlar formalaşdırılır. O, Kimya İnstitutunun hazırda dünyanın 50-dən artıq nüfuzlu elmi mərkəzi və universiteti ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, əsas tədqiqat istiqamətlərinə yeni funksional materialların hazırlanması, nanokatalizatorlar, nanokompozitlər, nanogillər, molekulyar sistemlər, fotoelektrokimyəvi proseslər, alternativ enerji texnologiyaları, elektron modelləşdirmə, yüksək səmərəli katalitik sistemlərin və funksional adsorbentlərin yaradılması, həmçinin süni intellekt metodlarından istifadə etməklə mürəkkəb kimyəvi proseslərin modelləşdirilməsi daxildir. Professor Əfsun Sucayev iki institut arasında birgə aparılacaq elmi tədqiqatların və birgə fəaliyyət istiqamətləri özündə əks etdirən memorandumun hazırlanması üçün işçi qruplarının yaradılmasını təklif edib.
Sonra Belarus Milli Elmlər Akademiyasının Fiziki-Üzvi Kimya İnstitutunun direktoru, akademik Aleksandr Viktoroviç Bildyukeviç görüşün institutlar arasında əməkdaşlığın başlanğıcı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, institutlar arasında əməkdaşlığın sistemli şəkildə qurulması üçün ilkin mərhələdə hər iki tərəfin fəaliyyətini əks etdirən təqdimat və məlumatların qarşılıqlı mübadiləsini təklif edib. O bildirib ki, bu materiallar əsasında hər iki institutun alimləri birgə tədqiqatların aparılması, ortaq layihələrin hazırlanması və beynəlxalq qrant müsabiqələrində birgə iştirak imkanlarını qiymətləndirə bilərlər. Akademik sentyabr ayında növbəti onlayn görüşün keçirilməsini və həmin görüşdə əməkdaşlığın konkret istiqamətlərinin müzakirə olunmasını təklif edib.
Görüşdə çıxış edən Kimya İnstitutunun Beynəlxalq Əlaqələr Sektorunun əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurası sədr müavini Araz Dövlətov bildirib ki, institutda əsas diqqət gənc tədqiqatçıların elmi inkişafının dəstəklənməsinə yönəldilib. O, institutlar arasında birgə elmi seminarların və konfransların təşkilinin, elmi təcrübə mübadiləsinin, eləcə də gənc tədqiqatçıların bilik və bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərin əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
Sonda tərəflər elmi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın gələcək inkişafı istiqamətində fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.









