Xəbərlər
Foto
Kimya İnstitutunda gənc alimlər əqli mülkiyyət üzrə beynəlxalq müsabiqə barədə məlumatlandırılıb
Avg 06, 2026 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 204 dəfə

Avqustun 5-də Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Belarus Milli Əqli Mülkiyyət Mərkəzi tərəfindən təşkil olunan “Əqli mülkiyyət sahəsində gənclər arasında elmi işlər müsabiqəsi (2025–2026-cı tədris ili)” proqramı ilə bağlı institutun gənc tədqiqatçıları üçün məlumatlandırıcı görüş keçirilib.

Görüşün məqsədi iştirakçıları müsabiqənin şərtləri, iştirak qaydaları və təqdim etdiyi imkanlar barədə məlumatlandırmaq, gənc tədqiqatçıların əqli mülkiyyət sahəsinə marağını artırmaq olub.

Tədbirdə çıxış edən institutun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova ölkədə həyata keçirilən gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərin elmi fəaliyyətinin dəstəklənməsinə yönəlmiş təşəbbüslərindən bəhs edib. O, institutda elmi fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib. Sevinc Həsənova gənc tədqiqatçıları beynəlxalq müsabiqə və elmi seminarlarda fəal iştirak etməyə çağırıb. O, bu cür platformaların onların peşəkar inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra institutun Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Natiq Salahov Belarus Milli Əqli Mülkiyyət Mərkəzinin elan etdiyi müsabiqə barədə ətraflı məlumat verib. O, müsabiqənin qaydaları, iştirak şərtləri, qiymətləndirmə meyarları və iştirakçılar üçün yaratdığı imkanlar barədə danışaraq, gənc alimlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Belarus Milli Əqli Mülkiyyət Mərkəzi tərəfindən təşkil olunan “Əqli mülkiyyət sahəsində gənclər arasında elmi işlər müsabiqəsi (2025–2026-cı tədris ili)” gənclərin elmi potensialının üzə çıxarılması, əqli mülkiyyətin idarə olunması sahəsində aktual problemlərin araşdırılması, innovativ yanaşmaların təşviqi və bu sahəyə maraq göstərən gənc mütəxəssislərin həvəsləndirilməsi məqsədi daşıyır.

JURNALLAR
Faydalı linklər