Xəbərlər
Foto
Kimya İnstitutunun alimlərinin müştərək beynəlxalq tədqiqatı çoxhədəfli ferment inhibitorlarının yaradılmasına yönəlib
Avg 10, 2026 | 12:11 / Konfranslar, iclaslar
Oxunub 44 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu Bakı Dövlət Universiteti ilə Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində beynəlxalq səviyyəli əməkdaşlığı davam etdirir.

Hər iki müəssisənin alimlərinin Türkiyə, ABŞ və Serbiyanın aparıcı elmi mərkəzlərinin tədqiqatçıları ilə birgə apardıqları elmi araşdırmaların mühüm nəticələri “Web of Science” və “Scopus” bazalarında indekslənən, impakt faktoru 2,8 olan, “Elsevier” nəşriyyatına məxsus “Polyhedron” jurnalında icmal məqalə (https://doi.org/10.1016/j.poly.2026.118320) kimi dərc olunub.

Məqalə pirazolidin əsaslı Cu(II) və Ni(II) komplekslərinin sintezinə və onların çoxhədəfli ferment inhibitorları kimi müfəssəl tədqiqinə həsr edilib. Tədqiqat çərçivəsində pirazolidin əsaslı Şiff əsaslı liqandın yeni Cu(II) və Ni(II) kompleksləri sintez olunub və struktur baxımından xarakterizə edilib. Rentgen-kristalloqrafik analiz komplekslər arasında həndəsi fərqləri üzə çıxarıb. Belə ki, Cu(II)-L kompleksi təhrif olunmuş koordinasiya mühiti nümayiş etdirib, Ni(II)-L kompleksində isə daha simmetrik və sabit kvadrat-müstəvi quruluş müəyyən edilib. Funksional sıxlıq nəzəriyyəsi əsasında aparılan hesablamalar metal-liqand qarşılıqlı təsirlərinin qismən kovalent xarakter daşıdığını və Ni(II)-L kompleksində daha güclü və daha vahid əlaqənin formalaşdığını göstərib. Lakin, artan sərtlik daha yüksək bioloji aktivliyə çevrilməyib və bu nəticə ferment inhibitorluğunda konformasiya uyğunlaşmasının mühüm rol oynadığını göstərir.

Bioloji qiymətləndirmə metal koordinasiyası ilə liqand elastikliyi arasındakı qarşılıqlı təsirin aydın struktur-aktivlik əlaqəsi yaratdığını ortaya qoyub. Tədqiqatın nəticələri göstərir ki, metal koordinasiyası vasitəsilə sərtlik və elastiklik arasındakı tarazlığın dəqiq tənzimlənməsi selektiv ferment inhibitorlarının dizaynında əsas strategiyalardan biridir. Əldə olunan nəticələr karbonik anhidrazaları (CA) və xolinesterazaları hədəf alan çoxfunksiyalı metal əsaslı terapevtik agentlərin inkişafı üçün elmi əsas yaradır.

Məlumat üçün qeyd edək ki, yeni metal komplekslərinin inhibitor xüsusiyyətlərinin araşdırılması Azərbaycan Elm Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin (AEF-BQM-BRFTF-4-2024-5(53)) qalibi olmuş “Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metalloenzim inhibitorlarının yaradılması və in vitro və in vivo təcrübələrində onların effektivliyinin öyrənilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

JURNALLAR
Faydalı linklər