Avg 10, 2026 | 12:58 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Cənub Elmi Mərkəzi Federal Tədqiqat Mərkəzi arasında əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.
Görüşdə Kimya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Araz Dövlətov iki elmi müəssisə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, birgə elmi seminarların, vebinarların, konfransların və digər elmi tədbirlərin təşkili, alimlər və gənc tədqiqatçılar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də beynəlxalq elmi layihələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb. Araz Dövlətov növbəti onlayn görüşün hər iki qurumun rəhbərlərinin iştirakı ilə keçirilməsini və həmin görüş çərçivəsində əməkdaşlıq haqqında memorandumun imzalanmasını təklif edib.
Rusiya Elmlər Akademiyasının Cənub Elmi Mərkəzi Federal Tədqiqat Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Aleksandr Qnatkovski əməkdaşlığın daha səmərəli qurulması məqsədilə hər iki qurumun elmi fəaliyyəti, həyata keçirdiyi layihələr və əldə etdiyi nəticələrə dair məlumat və materialların qarşılıqlı mübadiləsinin vacibliyini qeyd edib. O, bu addımın gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və birgə layihələrin hazırlanmasına töhfə verəcəyinə əminliyini ifadə edib.









