Sen 01, 2026 | 11:05 / Nəşrlər
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun alimlərinin apardığı tədqiqatın mühüm nəticələri beynəlxalq elmi jurnalda dərc olunub. Tədqiqat Azərbaycan Elm Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi (AEF-BQM-BRFTF-4-2024-5(53)) çərçivəsində həyata keçirilən layihə əsasında aparılıb. “Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metalloenzim inhibitorlarının yaradılması və in vitro və in vivo təcrübələrində onların effektivliyinin öyrənilməsi” adlı layihə çərçivəsində əldə olunan nəticələr “Russian Journal of Physical Chemistry A” jurnalında yayımlanıb.
Tədqiqatda yeni heterotsiklik birləşmə olan (Z)-N,N-dimetil-2-(perfluorofenil)-2-(2-fenilhidraziniliden) asetamidin (PFPA) sintezi üçün yeni metod təklif edilib. Alimlər, həmçinin bu birləşmənin necə yarandığını izah edən mexanizm irəli sürüblər.
PFPA-nın bioloji aktivliyi müxtəlif hesablama və molekulyar dokinq üsulları ilə araşdırılıb. Bu zaman birləşmənin quruluşu, enerjisi, elektron xüsusiyyətləri və molekul daxilində yükün paylanması təhlil edilib. Bundan başqa, onun hansı hissələrinin kimyəvi reaksiyalara daha meyilli olduğu və elektron sıxlığının necə dəyişdiyi müəyyənləşdirilib.
Aparılan hesablamalar tədqiqatçılara PFPA molekulunun stabilliyini qiymətləndirməyə və onun kimyəvi reaktivliyini əvvəlcədən proqnozlaşdırmağa imkan verib.
Molekulyar dokinq və dinamika araşdırmaları isə PFPA birləşməsinin 5-HT1BR spesifik reseptoru ilə sabit kompleks yarada bildiyini göstərib. Tədqiqat çərçivəsində PFPA-nın bu reseptorla qarşılıqlı təsirini izah edən farmakofor modeli də təklif olunub.
Alınan nəticələr dərman molekullarının reseptorlarla necə qarşılıqlı əlaqəyə girdiyini daha yaxşı anlamağa kömək edir. Bu məlumatlar gələcəkdə yeni dərman preparatlarının hazırlanması və potensial aktiv birləşmələrin axtarışında istifadə oluna bilər.









