Xəbərlər
Foto
Kimya İnstitutunda mülki müdafiə manqalarının heyəti ilə növbəti görüş keçirilib
Sen 04, 2026 | 14:43 / Konfranslar, iclaslar
Oxunub 105 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda mülki müdafiə manqalarının heyətinin növbəti görüşü keçirilib.
Tədbirin əsas məqsədi əməkdaşların mülki müdafiə sahəsində biliklərinin artırılması, fövqəladə hallar zamanı davranış qaydaları və mühafizə tədbirləri barədə məlumatlılığın gücləndirilməsi olub.
Görüşdə institutun kadrlar və mülki müdafiə üzrə mütəxəssisi Şöhrət Əliyev təqdimatla çıxış edib.
Təqdimat zamanı nüvə silahı və onun zərərvurma faktorları barədə ətraflı məlumat verilib. Bildirilib ki, nüvə partlayışı böyük dağıntılara, insan sağlamlığı üçün ciddi təhlükələrə və ətraf mühitə uzunmüddətli təsirlərə səbəb ola bilər. Bu baxımdan nüvə təhlükəsi zamanı mühafizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Daha sonra nüvə partlayışının əsas zərərvurma amillərindən bəhs edilib. Qeyd olunub ki, zərərvurma amillərinə zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya və radioaktiv çirklənmə, eləcə də elektromaqnit impulsu daxildir. Bu amillərin insanlara, binalara, texniki vasitələrə və ətraf mühitə müxtəlif dərəcədə təsir göstərə biləcəyi diqqətə çatdırılıb.
Təqdimatın növbəti hissəsində fərdi və kollektiv mühafizə vasitələri haqqında məlumat verilib. Fərdi mühafizə vasitələrinin insan orqanizmini təhlükəli amillərin təsirindən qorumaqda, kollektiv mühafizə qurğularının isə insanların qrup halında təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı bildirilib. Həmçinin mühafizə vasitələrindən düzgün istifadə qaydaları barədə iştirakçılara izahlar verilib.
Görüş çərçivəsində mülki müdafiə sahəsində zəruri biliklərin əməkdaşlar arasında davamlı şəkildə təkmilləşdirilməsinin və fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasının vacibliyi vurğulanıb.

JURNALLAR
Faydalı linklər