Xəbərlər
Foto
Kimya İnstitutunun alimləri Azərbaycan-Özbəkistan birgə müsabiqəsində qalib olublar
Sen 17, 2026 | 17:43 / Konfranslar, iclaslar
Oxunub 146 dəfə

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyinin birgə keçirdiyi müsabiqəyə təqdim olunan 139 elmi layihə arasından 5 layihə qalib elan olunub.

Qalib layihələrdən ikisi Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun “Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyası”nın alimlərinin iştirakı ilə hazırlanıb.

Kimya İnstitutu və Özbəkistanın İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin alimlərinin birgə təqdim etdiyi “Vanadiumun titanmaqnetit filizindən və texnogen tullantılardan çıxarılmasının kompleks emal metodlarının işlənib hazırlanması” layihəsi qalib layihələrdən biri olub. Layihəyə Ülviyyə Şərifova rəhbərlik edir. Tədqiqat heyətində laboratoriyanın əməkdaşları Arzu Osmanova, Pərvanə Babayeva və Afət Mustafayeva təmsil olunurlar.

Layihənin əsas məqsədi Azərbaycandakı Acınohur və Özbəkistandakı Təbinbulaq yataqlarından əldə edilən vanadium-titan tərkibli mineral xammal və konsentratlardan, həmçinin texnogen tullantılardan vanadiumun selektiv çıxarılması üçün kompleks texnologiyanın hazırlanmasıdır. Tədqiqatlar iki ölkənin mineral xammal ehtiyatlarının və sənaye tullantılarının öyrənilməsi, eləcə də elmi potensialının birgə istifadəsi əsasında aparılacaq.

Digər qalib layihə isə Kimya İnstitutu və Özbəkistanın Olmalıq Dövlət Texniki İnstitutunun alimlərinin birgə təqdim etdiyi “Oksidləşmiş və qarışıq mis filizlərinin emalı texnologiyasının işlənib hazırlanması” layihəsidir. Layihəyə Gülnar Alişanlı rəhbərlik edir. Tədqiqat heyətində laboratoriyanın əməkdaşları Arif Heydərov, Nuranə Abbasova, Aybəniz Quliyeva, Aysel Muradova və Elnur Orucov təmsil olunurlar.

Layihə Gədəbəy mədən ərazisinin oksidləşmiş və qarışıq mis filizləri və tullantılarının, həmçinin Özbəkistanın Almalıq Mədən və Metallurgiya Zavoduna məxsus Kalmakır yatağının oksidləşmiş və qarışıq mis filizlərinin kompleks emalına yönəlib. Layihənin həyata keçirilməsi nəticəsində aşağı dərəcəli oksidləşmiş və qarışıq mis filizlərinin, eləcə də müəyyən növ aşağı dərəcəli mis tullantılarının emalı üçün yeni texnoloji sxemlərin hazırlanması nəzərdə tutulur.

 

JURNALLAR
Faydalı linklər