Xəbərlər
Foto
Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Q1 reytinqli beynəlxalq jurnalda dərc olunub
Sen 18, 2026 | 11:51 / Nəşrlər
Oxunub 47 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun “Nanoelektrokimya və Hidrogen enerjisi” laboratoriyasının əməkdaşları Sevinc Cavadova, Vüsalə Məcidzadə, Samirə Cəfərova və Akif Əliyevin digər həmkarlarla birgə apardıqları tədqiqatın nəticələri beynəlxalq elmi jurnalda dərc olunub.

“Elektrokimyəvi çökdürülmə üsulu ilə alınmış Bi₂Se₃ nazik təbəqələrinin yarımkeçirici xassələrinin və xronoamperometriyasının tədqiqi” (“Investigation of the Semiconductor Properties and Chronoamperometry of Bi₂Se₃ Thin Films Obtained by Electrochemical Deposition”) adlı məqalə “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indeksləşən Q1 kateqoriyalı “Nanomaterials” jurnalında yayımlanıb.

Tədqiqatda susuz etilen-qlikol əsaslı elektrolitdən nazik Bi2Se3 təbəqələrinin elektroçökdürülməsi və Ar mühitində termiki emalından sonra xassələrindəki dəyişikliklərdən bəhs olunur. Təbəqələrin faza və tərkib xüsusiyyətləri rentgen difraksiyası (XRD), skanedici elektron mikroskopiyası (SEM), enerji-dispersiv rentgen spektroskopiyası (EDS), Furye- infraqırmızı spektroskopiya (FTIR) və Raman spektroskopiyası vasitəsilə tədqiq edilib. XRD və Raman analizləri romboedrik kristal quruluşlu Bi2Se3-ün əmələ gəlməsini təsdiqləmiş, FTIR ölçmələri isə səthdə cüzi oksidləşmənin olduğunu göstərib. Təbəqələrin elektrik və yarımkeçirici xüsusiyyətləri cərəyan-gərginlik və temperaturdan asılı olan keçiricilik ölçmələri vasitəsilə araşdırılıb. Özünəməxsus keçiriciliklə əlaqəli aktivləşmə enerjisi 0,25 eV, temperatura həssaslığı əmsalı və müqavimətin temperatur əmsalı isə müvafiq olaraq 2903 K və 0,032-0,013 K−1 səviyyəsində müəyyən edilib. 2800-4000 nm dalğa uzunluğu diapazonunda aparılan infraqırmızı fotokeçiricilik ölçmələri ilə, Bi2Se3-ün qadağan olunmuş zolaq enerjisi yaxınlığında nəzərəçarpacaq foto-cavab aşkar ediib.

Əldə edilən nəticələr, elektroçökdürülmüş Bi2Se3 nazik təbəqələrinin infraqırmızı şüalanmaya həssas yarımkeçirici və optoelektron tətbiqlər üçün potensialını nümayiş etdirir.

Sevinj P. Javadova, Vusala A. Majidzade, Ibrahim Kasumogly, Nahida N. Musayeva, Nadir A. Abdullayev, Samira F. Jafarova, Elvin J. Ahmadov, Dunya M. Babanly, Asmat N. Azizova, Akif Sh. Aliyev. Investigation of the Semiconductor Properties and Chronoamperometry of BI2SE3 Thin Films Obtained by Electrochemical Deposition. Nanomaterials 2026, Vol. 16(16), 991.

JURNALLAR
Faydalı linklər