Xəbərlər
Foto
Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb
Sen 21, 2026 | 16:45 / Nəşrlər
Oxunub 81 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun aparıcı elmi işçisi, dosent Sevil Cəfərovanın elmi məqaləsi “Pakistan Kimya Cəmiyyətinin Jurnalı”nın (“Journal of The Chemical Society of Pakistan”) 48-ci cildinin 4-cü nömrəsində dərc olunub.

“Metanın karbon qazı ilə riforminqində Ni/zeolit kompozitlərinin struktur-funksional əlaqələri” (“Structure–Functional Relationships of Ni/Zeolite Composites in CO₂ Reforming of Methane”) adlı məqalədə  kimya sənayesi və enerji texnologiyaları üçün əhəmiyyətli olan sintez qazının metanın karbon qazı ilə riforminqi yolu ilə alınmasında istifadə edilən katalizatorlar araşdırılıb.

Tədqiqat zamanı müxtəlif zeolitlər əsasında hazırlanan nikel tərkibli katalizatorların xüsusiyyətləri və onların metanın karbon qazı ilə çevrilməsi prosesində effektivliyi müqayisə edilib.

Araşdırmanın nəticələri göstərib ki, istifadə olunan zeolitin quruluşu və səth xüsusiyyətləri katalizatorun fəaliyyətinə birbaşa təsir edir. Təbii zeolit olan klinoptilolitin xüsusi üsulla işlənməsi isə onun xüsusiyyətlərini yaxşılaşdıraraq katalitik göstəricilərin yüksəlməsinə imkan verib.

Tədqiqat müxtəlif zeolitlərdən istifadə etməklə daha səmərəli katalizatorların hazırlanması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, “Journal of The Chemical Society of Pakistan” beynəlxalq elmi bazalarda, o cümlədən “Chemical Abstracts”, “Web of Science”, “Scopus” və “Google Scholar”da indekslənir.

Məqalənin tam mətni ilə jurnalın rəsmi səhifəsində tanış olmaq mümkündür.

JURNALLAR
Faydalı linklər